Britaniyalı fermerlər Londonun mərkəzində traktorlarla etiraz aksiyası keçirirlər.
Tribunainfo.az “The Independent”ə istinadən xəbər verir ki, buna səbəb Böyük Britaniya hökumətinin torpaq dəyəri 1 milyon funt sterlinqdən çox olan fermalara 20% miras vergisi tətbiq etməsidir.
“Save British Farming” hərəkatının təşkil etdiyi aksiyada etirazçılar traktorları Britaniya parlamentinin olduğu Vestminster sarayının qarşısında saxlayıblar.
Qeyd edilib ki, Britaniyada fermerlər əvvəllər kənd təsərrüfatı və kommersiya mülkiyyətinə 100% miras vergisi güzəşti hüququna malik idilər. Lakin ötən il büdcəyə yenidən baxılıb və 2024-cü ilin payızında hökumət bu güzəştin ləğvini nəzərdə tutan layihə təqdim edib.
Xüsusilə, hakimiyyət orqanları 2026-cı ilin aprelindən dəyəri 1 milyon funt-sterlinqi (2 milyon 115 min manat) keçən təsərrüfatları sahibinin ölümündən sonra vərəsələrə təhvil verildikdə 20% vergi ödəməyə məcbur etmək istəyir.
Mitinq isə parlamentdə mövcud müavinətlərin qorunub saxlanılması ilə bağlı elektron müraciətin müzakirəsi fonunda baş tutub. Petisiyada 148 mindən çox imza toplanıb.