Qazaxda toy axşamı həyatını sonlandıran bəyin ölümü ilə bağlı bəzi yeni detallar məlum olub.
Tribunainfo.az xəbər verir ki, oğlunun cansız bədənini aşkarlayan atası İsmayıl Omarov Referans.az-a danışıb:
“Heç kimdən, heç nədən şübhələnmirəm. İki ildir istəkli idi, qız toyunu da elədik sevinə- sevinə. Oğlumun telefonu hazırda araşdırma üçün Prokurorluqdadır. Yazışmalarda bir neçə nəfərlə xoş danışığı olub. Nişanlısı yatandan sonra hadisə olub, gecə saat 5- ə işləmiş. Mən də bir saat sonra oğlumun meyitini görmüşəm. Nə qədər axtardıq məktub yazmayıb, telefonunun kodunu da açıq qoyub. Kimsə onu özünü öldürməyə məcbur edə bilməz. Oğlum mənimlə birgə arıçılıq üzrə işlə məşğul idi. Yəni təsərrüfatımızla məşğul idi. Ötən il yox, o birisi il otlaq sahəmizi biçməyə traktor aldıq. Oğlum oxuyub sürücülük vəsiqəsi alandan sonra traktoru o işlətdi. Lazım olanda başqasının da sahəsini biçirdi”.
Ata bildirir ki, oğlunun nişanlısı yatandan sonra oğlu ona dəfələrlə mesaj yazıb, sonra silib: “Qız o zaman yatılı olub. Nişanlısını danışdırdıq. Bizə dedi ki, yatana kimi danışıb-gülüblər”.
İsmayıl Omarov deyir ki, bəzi adamlar deyir ki, oğlum içkili olub. Amma, onun oğlu araq içən deyil:
“Oğlumum 26 yaşı tamam idi, 27-yə keçirdi. Uşaq mənimdir, bilmirəm?! Təsadüfən bəlkə, kimləsə 10 qram araq içib, bu “alkaşlıq” deməkdirmi?! Bundan yekə dərdmi var? Hadisə ciyər axşamından bir gün əvvəl olub. İçki məclisi də olmayıb, nə də uşaqlar içməyib. Bakıdan tay-tuşları toyuna gəlirdi, yasına çatdılar. İstəyəndə qayınatası gilə gedirdi, ailə oğlumu yaxşı tanıyırdı. Qız oğluma nəsə yazmaz, yəqin açıqlanacaq”.
Qeyd edək ki, hadisə may ayının 31-i Qazaxda baş verib. Orta Salahlı kənd sakini 27 yaşlı Əhliman Omarovun ölümündən üç gün əvvəl isə qız toyu olub. Qazax Rayon Prokurorluğu hadisənin baş vermə səbəblərini araşdırır.