Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə 23 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində Qazax şəhərinin Azadlıq küçəsində qeydə alınıb.
Belə ki, Əli Məmmədov həmin ərazidə yerləşən fərdi yaşayış evinin qarşısında qurulmuş çadırda keçirilən toy məclisində ofisiant kimi qulluq göstərib. Bu zaman qonaq qismində iştirak edən, iş üzrə zərərçəkmiş Elmar Rəfiyev ofisiantlar tərəfindən qulluğun zəif təşkil edilməsi ilə bağlı irad bildirib. Sonra onlar məclisdən kənar ərazidə mübahisə edib. Nəticədə Əli çadırdakı stolun üzərindən götürdüyü soyuq mətbəx bıçağı ilə Elmarın qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Əli Məmmədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.