Toyda edilən zarafat qanla nəticələndi — TƏFƏRRÜAT

Toyda edilən zarafat qanla nəticələndi — TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda 1990-cı il təvəllüdlü Mürvət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Ceyhuna xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 20-də baş verib. Mürvət Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən “Nəqşicahan” şadlıq sarayında qonaq kimi iştirak etdiyi kiçik toy məclisindən çıxdıqdan sonra həmin şadlıq sarayının qarşısında onunla eyni məclisdə qonaq kimi iştirak etmiş həmkəndlisi Ceyhunun zarafat edərək ünvanına nalayiq ifadələr işlətməsinə əsəbiləşib.

Mürvət Ceyhunun ondan üzr istəməsini tələb etmək, əks təqdirdə ona bədən xəsarəti yetirərək qisas almaq qərarına gəlib. O, yaşadığı Bərdə rayonu, Gərənə kəndinə gedib və evdən məlum olmayaq kəsici-deşici alət götürərək Ceyhunun yaşadığı ünvana gəlib.

Mürvət saat 23 radələrində Ceyhunla evlərinin yaxınlığında qarşılaşıb. Ondan ünvanına nalayiq ifadələr işlətməsinin səbəbini soruşduqda, aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Münaqişə zamanı özü ilə gətirdiyi kəsici-deşici alətlə Ceyhuna 1 dəfə zərbə vurub.

Hadisəni törədən Mürvətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mürvət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Bərdə rayonu, Gərənə kəndində yaşayır, bir azyaşlı övladı var: “Gərənə kəndində fərdi əməklə -əkinçiliklə məşğulam. Zərərçəkmiş Ceyhun həmkəndlimdir. Əvvəl aramızda heç bir dava-dalaş və münaqişə olmayıb. Münasibətlərimiz normal olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü həmkəndliləri oğluna kiçik toy mərasimi təşkil edib: “Özüm də, Ceyhun da həmin məclisdə iştirak etdik. Bərdə şəhərində yerləşən “Nəqşicahan” şadlıq evində toy mərasimində yemək yeyib, spirtli içki içdik. Toydan sonra şadlıq evinin qabağında evə qayıtmaq üçün avtomobil axtaranda Ceyhun mənə yaxınlaşdı. O, şit zarafat etməyə başladı. Ceyhuna dəfələrlə zarafat etməməyi, bundan xoşum gəlmədiyini desəm də, Ceyhun söyüş söyərək zarafata davam etdi. Ceyhunla mübahisə edərkən ətrafdakı tanımadığım şəxslər məni taksiyə mindirdi və yaşadığım kəndə yola saldılar. Evə çatdıqdan sonra Ceyhunun mənimlə etdiyi zarafat və nalayiq sözlər ağlımdan çıxmadı. Yaşadığım evdə saxladığım bıçağı götürərək Ceyhundan dediyim sözlərə və nalayiq ifadələrinə görə üzr istəməsinə tələb etmək, olmasa bıçaqla xəsarət yetirmək qərarına gəldim. Piyada Ceyhunun yaşadığı evə getdim. Qapını döysəm də, açan olmadığından yaşadığım evə qayıdarkən yolun kənarı ilə üzbəüzdən Ceyhunun gəldiyini gördüm. Ceyhuna yaxınlaşaraq niyə elə zarafat etdiyini və nalayiq ifadələr işlətdiyini soruşdum. Ceyhun yaxşı elədiyini və məndən xoşu gəlmədiyini dedi. Aramızda olan mübahisə davaya çevrildi. Bir-birimizə yumruqla zərbələr vurduq. Yaşadığım evdən götürdüyüm bıçağı cibimdən çıxardım. Əsəbi halda Ceyhunun qarın nahiyəsinə bir dəfə zərbə vurdum. Ceyhun qarnını tutaraq səs-küy saldığına görə qorxaraq qaçdım. Ceyhuna xəsarət yetirdiyi bıçağı da yaxınlıqdakı su arxına atdım və yaşadığım evə getdim. Qısa müddət sonra polis əməkdaşları gəldi və məni Bərdə Rayon Polis Şöbəsinə apardılar”.

İş üzrə zərərçəkmiş Ceyhunun sözlərinə görə, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Gərənə kəndində yaşayır, əkinçilik edir: “Təqsirləndirilən Mürvət mənim həmkəndlimdir. Əvvəl aramızda dava-dalaş olmayıb, münasibətlərimiz normal olub. Hadisə günü həmkəndlimin oğluna Bərdədə yerləşən “Nəqşicahan” şadlıq sarayında etdiyi toyda iştirak etmişəm. Təxminən 22 radələrində məclis yekunlaşdı. Şadlıq sarayının qarşısına çıxaraq yaşadığım evə qayıtmaq istəyəndə Mürvəti gördüm və söhbət etdim. Qarşılıqlı zarafat etdik, Mürvət də mənim kimi içkili olub. Mürvət zarafat etməməyimi dedi. Mürvətə özünün zarafata başladığını və bir daha zarafat etməməsini dedim. Mürvət nalayiq ifadələr işlədərək mübahisə etməyə başladı. Ətrafdakı tanımadığım şəxsləri Mürvəti taksiyə mindirib evə göndərdilər”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra özü də Bərdə rayonu, Gərənə kəndinə gedib, evdən bir qədər aralıda maşını saxladaraq piyada yaşadığı evə yollanıb: “Evə çatmağa az qalmış bir nəfər şəxsin qarşıdan gəldiyini gördüm. Hava qaranlıq olduğu üçün yaxınlaşanda Mürvət olduğunu gördüm. Mürvət yaxınlaşaraq şadlıq sarayının qabağında niyə mübahisə etdiyimi soruşdu. Ona özünün zarafat etməyə başladığını, nalayiq ifadələr işlətdiyini dedim. Mürvəşt isə sinəmdən tutdu, sözlü mübahisə davaya çevrildi. Bir-birimizə yumruqla vurduq. Mürvət cibindən nə isə çıxardı və qarnımın sol tərəfinə zərbə vurdu. Zərbədən sonra əlim ilə qarnımı tutdum və Mürvətin məni bıçaqla vurduğunu başa düşdüm. Mürvət qaçaraq yanımdan uzaqlaşdı. Səs-küy salaraq yaşadığım evə getdim. Arvadım Gülnar yaxınlaşaraq nə olmasını soruşdu. Ona həmkəndlim Mürvət tərəfindən bıçaqlandığımı bildirdim. Yoldan keçən avtomobillə məni xəstəxanaya apardılar. Həmkəndlim olduğu üçün əvvəlcə hadisəni gizlətdim. Guya yıxılaraq qarnıma dəmir batmasını desəm də, sonradan polis əməkdaşlarıma həmkəndlim Mürvət tərəfindən bıçaqlandığımı bildirdim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mürvət 3 il azadlıqdan məhrum edilib.