Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, qızılın bir qramının qiyməti 157 manata bərabər olub.
Tribunainfo.az xəbər verir ki, bir qram qızılın qiyməti ötən ilin əvvəlindən ötən dövr ərzində 40% və ya 45 manat artıb.
Belə ki, ötən ilin əvvəlində qızılın bir qramı 112 manat olub.
Qeyd edək ki, qızılın qiyməti Azərbaycanda heç vaxt bu səviyyəyə yüksəlməyib. Beynəlxalq bazarlarda da qızılın qiyməti sürətlə artır. Bu günə olan məlumata görə, qızılın bir unsiyası (31 qram) artıq 2 865 dollara çatıb.
Onu da bildirək ki, sürətli bahalaşma təkcə qızılın Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətində müşahidə olunmur. Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti də sürətlə bahalaşır. Təkcə ötən il ərzində zərgərlik dükanlarında satılan 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 20% və ya 117 manat artaraq 598 manatdan 715 manata kimi bahalaşıb.
Məlum olduğu kimi, Azərbaycanda qızıldan hazırlanan zinət əşyalarının əsas alıcısı evlənməyə hazırlaşan şəxslər olur. Qızıl-zinət şəyalarının qiymətindəki bahalanmanın bu şəxslərin “toy büdcəsinə” ciddi şəkildə təsir edəcəyi gözlənilir.
Dünyanın ən böyük maliyyə təşkilatlarından bri olan “Citigroup”un analitikləri qızıl qiymətlərinin yaxın 3 ay ərzində bir unsiya üçün 3 000 dollara çatacağını gözləyirlər.
Bildirilir ki, artan geosiyasi gərginlik və ticarət müharibələri fonunda aktivlər üçün təhlükəsiz sığınacaq hesab edilən qızılın qiyməti sürətlə artır.
“Bloomberg” agentliyi yazır ki, Donald Tramp iqtisadi artımı ləngidə, inflyasiyanı artıra və qlobal ticarəti poza biləcək tariflər ilə “bazarları şoka salıb”.