Fevralın 28-də Moskvada, “Ukrayna” mehmanxanasının konqres salonunda “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Əbədi xatirə” adlı gecə keçirilib.
Fevralın 28-də Moskvada, “Ukrayna” mehmanxanasının konqres salonunda “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Əbədi xatirə” adlı gecə keçirilib.
TİA.AZ xəbər verir ki, Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Ümumrusiya Azərbaycanlılar Konqresi tərəfindən təşkil edilmiş xatirə gecəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Konqres salonunun foyesində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bəhs edən ədəbiyyat, bukletlər təqdim olunub, “Xocalının 25 sakininin taleyi” adlı sərgi açılıb. Stendlərdə Xocalı dəhşətini yaşamış insanların həyat hekayətləri təqdim edilib. “Xocalının 25 sakininin taleyi” bukleti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!“ beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində nəşr edilib.
Konqres salonunun foyesində quraşdırılan böyük monitorlarda Xocalı faciəsindən bəhs edən videomateriallar nümayiş olunub.
Tədbir çərçivəsində Xocalı sakini Dürdanə Ağayevanın “8 gün erməni əsirliyində. Xocalılı qızın xatirələri” kitabının təqdimatı olub. Kitabda Xocalı soyqırımını yaşamış və ermənilərə əsir düşmüş 20 yaşlı azərbaycanlı qızın faciəli taleyindən söhbət açılır. Xatirə gecəsində iştirak edən D.Ağayeva erməni əsirliyində yaşadığı dəhşətlərdən, məruz qaldığı amansız işgəncələrdən, faciəli hadisələrdən sonrakı həyatından və bu hadisələrin onun taleyində və yaddaşında buraxdığı qorxunc izlərdən söhbət açıb.
S.Stroqanov adına Moskva Dövlət Sənaye-İstehsalat Akademiyasının tələbələri onlayn rejimdə Xocalı, müharibə, sülh və ədalət mövzularında şəkillər çəkiblər.
Gecənin rəsmi hissəsi Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı faciəsi qurbanlarının xatirəsini anmağa gələnlərin hamısına təşəkkür edərək deyib: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Azərbaycanın yuxuda olan Xocalı şəhərini işğal edərək 613 dinc sakini, o cümlədən 106 qadını, 63 uşağı və 70 qocanı xüsusi amansızlıqla qətlə yetiriblər, 8 ailə tamamilə məhv edilib, 1275 adam əsir götürülüb. Deyilənə görə, zaman yaraları sağaldır, acı anlar yaddaşdan silinir. Amma zaman bizim yaraları sağaltmaqda acizdir. Xocalı qurbanları yaddaşımıza əbədi həkk olunub”.
Heydər Əliyev Fondunun vitse-prezidenti vurğulayıb ki, o dəhşətli faciədən 25 il ötür. Xocalı qırğınından sağ çıxmış uşaqlar böyüyüblər və artıq özləri valideyn olublar. Amma onlar indiyə qədər öz evlərinə, doğma torpaqlarına qayıda bilmirlər. Bu, ağrılı və ədalətsiz vəziyyətdir. Dünya birliyinin bu faciəyə hüquqi qiymət verməsi, günahkarların cəzalandırılması çox əhəmiyyətlidir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 30 ilə yaxındır ki, davam edir, torpaqlarımızın 20 faizi işğal altındadır, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Azərbaycan həmişə öz tolerantlığı ilə tanınan sülhsevər ölkədir. Əsrlərdir ölkəmizdə müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri dinc şəraitdə yaşayır, qonşu ölkələrlə mehriban münasibətlərimiz var. Amma bu gün rəhmsiz olmağa hazırıq, çünki ərazi bütövlüyümüzü müdafiə edirik, öz torpağımız uğrunda mübarizə aparırıq”.
2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının start götürdüyünü xatırladan Leyla Əliyeva deyib: “Kampaniya dünya birliyinə bu dəhşətli faciə haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır. Bu günlər dünyanın, demək olar, bütün ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilir. Biz konfranslar, seminarlar, sərgilər təşkil edir, filmlər çəkir, kitablar nəşr edirik. Bu günlərdə Vilnüs, Bern, Afina, London və Parisdə matəm konsertləri olub, Berlində sərgi təşkil edilib, Bosniya və Herseqovinada Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Xocalıda baş verən dəhşətlərdən söhbət açan “Sonsuz dəhliz” filminin bu yaxınlarda ABŞ-da təqdimatı olub. Bu film münaqişə tərəflərinin heç birinə aidiyyəti olmayan, böyük bəşəri dəyərlərə malik insanlar tərəfindən çəkilib”.
Azərbaycan ilə Rusiyanın uzun illər dostluq və mehriban qonşuluq münasibətləri ilə bağlı olduğunu qeyd edən Heydər Əliyev Fondunun vitse-prezidenti deyib: “Bu gün burada bizi dəstəklədiyinizə və ağrı-acımızı bölüşdüyünüzə görə sizə bir daha təşəkkür etmək istəyirəm. Biz əldə etdiklərimizlə kifayətlənməyəcəyik və mümkün olan hər şeyi edəcəyik ki, dünya bu dəhşətli faciədən xəbər tutsun. Çünki belə bir faciə dünyanın heç bir ölkəsində təkrar olunmamalıdır”.
“Xocalıya ədalət!” kampaniyasının dünyanın onlarla dövləti tərəfindən dəstəkləndiyini diqqətə çatdıran Leyla Əliyeva deyib: “Meksika, Kolumbiya, Peru, Pakistan, Serbiya, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Sudan, Panama, Honduras, İndoneziya parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları, habelə İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu yaxınlarda Cibuti Milli Assambleyası və Şotlandiya parlamenti də Xocalı soyqırımını pisləyən qətnamələr qəbul edib”.
Leyla Əliyeva Xocalının sağ qalmış sakinlərindən 25-nin həyat hekayətinin təqdim olunduğu bukletlər və Dürdanə Ağayevanın “8 gün erməni əsriliyində. Xocalılı qızın xatirələri” kitabı haqqında da məlumat verib. O, arzu edən hər kəsi “www.justiceforkhojaly.org” saytı vasitəsilə kampaniyanı dəstəkləməyə çağıraraq deyib: “Bu kitabı sarsıntı keçirmədən oxumaq mümkün deyil. Kitabda bu zavallı qadının üzləşdiyi bütün dəhşətlərdən və işgəncələrdən danışılır. Özünün də dediyi kimi, 8 gün 800 il kimi uzanıb”.
Leyla Əliyeva çıxışını belə tamamlayıb:
“Bütün bunlara baxmayaraq, Azərbaycan xalqının əzmi qırılmayıb və bu gün Azərbaycan güclü, müstəqil və inkişaf edən ölkədir. Xocalı qurbanlarının xatirəsi bizim düşüncələrimizdə, gördüyümüz işlərdə və qəlbimizdə yaşayır. Biz inanırıq ki, ədalət tezliklə zəfər çalacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün sakinlər, məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib ki, beynəlxalq ictimaiyyət və təşkilatlar özlərini yalnız kənar müşahidəçi kimi aparıblar və keşiyində durmalı olduqları bütün yüksək prinsip və idealların Azərbaycanda necə tapdalandığını səssiz müşahidə etməyə üstünlük veriblər. Bu amansız gecənin “müəllifləri” layiq olduqları cəzanı almayıblar. Diplomat deyib: “Mən ölkəmin səfiri, mədəniyyət xadimi, zəngin həyat təcrübəsi olan bir insan kimi Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması prosesinin təşəbbüskarı olduğuna görə Leyla Əliyevaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Təsadüfi deyil ki, “ədalət” kampaniyanın əsas sözüdür. Əminəm ki, Xocalıya münasibətdə ədalətin təntənəsinə nail olmaq təkcə bu faciənin qurbanlarının xatirəsi qarşısında borcumuz deyil, həm də öz xalqlarının gələcəyinə və bütövlükdə dünyaya görə məsuliyyət daşıyan bütün insanların vəzifəsidir”.
Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski bildirib ki, Xocalıda baş verənlərə ədalətli qiymət verilməlidir. O deyib: “Bu hadisələrin iştirakçıları 100 il sonra deyil, bizim günlərdə, bizim nəslin sağlığında mühakimə edilməlidir. Dağlıq Qarabağ kimi qanlı münaqişələrin həllini bizim nəvələrimizə, hətta uşaqlarımıza saxlamağa haqqımız yoxdur”.
Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Dövlətlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib ki, həmin gün Xocalıda cinayət törədən adamların heyvani hissləri baş qaldırıb. O deyib: “Onları insan adlandırmaq olmaz. Bu yırtıcılar şəfqət və mərhəmət kimi hisslərdən tamamilə uzaqdırlar. Axı təkcə böyüklər, döyüş qabiliyyətli kişilər deyil, qocalar, qadınlar, uşaqlar həlak olublar. Bu dəhşətli cinayət təkcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilib”.
D.Savelyev vurğulayıb ki, həm Rusiyada, həm də bütün dünyada bu cinayətə dövlət səviyyəsində qiymət verilməlidir. O deyib: “O cümlədən bizim parlament də qiymət verməlidir. Bu barədə ucadan danışmaq lazımdır, çünki əgər sussaq, belə cinayətlər Yer kürəsinin başqa nöqtələrində də təkrarlanacaq və qurbanların sayı xeyli çox olacaq. Məhz buna görə biz qətlə yetirilmiş günahsız kişilərin, qadınların, uşaqların və qocaların xatirəsini hər il anırıq. Ürəyində bu ağrını daşıyan hər bir kəs özünü insan adlandıra bilər”.
Sonra Rusiyanın Xalq Artisti Aleksandr Rudinin rəhbərliyi ilə “Musica Viva” Moskva Kamera Orkestrinin konserti olub.
Xatirə gecəsində Rusiya ictimaiyyətinin nümayəndələri, bir çox ölkələrin Moskvada akkreditə olunmuş səfirləri, tanınmış siyasətçilər iştirak ediblər.