Beyləqan təhsil şöbəsinin (RTŞ) sabiq müdiri Tofiq Sadıqovun rayon maarifinə vurduğu yaralar hələ uzun müddət sağalmayacaq.
Beyləqan təhsil şöbəsinin (RTŞ) sabiq müdiri Tofiq Sadıqovun rayon maarifinə vurduğu yaralar hələ uzun müddət sağalmayacaq.
Onun rəvac vermiş olduğu qanunsuzluqların, törətdiyi cinayətlərin fəsadları zaman-zaman öz mənfi təsirini göstərməkdədir.
Bu yaxında məlum olub ki, Sadıqov müdir işlədiyi vaxt Beyləqanın Mayak kənd məktəbinin direktorunu yaşı ilə əlaqədar işdən çıxaranda onun qarşısında öhdəlik götürüb. Vəd edib ki, sabiq direktorun yerinə onun oğlu Anar müəllimi təyin etdirəcək. Göstərəcəyi xidmətin əvəzində 3000 manat rüşvət alıb. Bildirib ki, Rayon İcra Hakimiyyətinin (RİH) başçısı direktorluğa namizəddən ötrü Təhsil Nazirliyinə təqdimat göndərmək üçün bu qədər pul istəyir. Həmin məbləğin 2000 manatını “təyinastı üzrə” çatdıran Sadıqov qalan 1000 manatı öz cibinə qoyub. Müsabiqə mərhələsində buna qədər 16 il pedaqoji stajı olan Anar müəllimin diplomu isə saxta çıxıb və işi alınmayıb. Bundan sonra ata-oğul artıq vəzifədən kənarlaşdırılmış olan Sadıqova vermiş olduqları pulu geri istəyiblər. Vəziyyət bu yerə çatandan sonra RİH başçısı Vaqif Abdullayev 2000 manatı qaytarmağı RTŞ-nin yeni müdirəsi Xuraman Rüstəmovaya “həvalə” edib. Amma yerdə qalan 1000 manatı Tofiq bəy geri qaytarmaqdan boyun qaçırıb və həmin pulu da başçıya verdiyini deyib. Etibarlı mənbədən verilən məlumata görə, T. Sadıqov eyni üsulla rayon məktəblərinə direktorluğa digər namizədlərin hərəsindən 10000 manat rüşvət alıb. İşləri düzəlməyən və pulları geri qaytarılmayan həmin şəxslər hələ də nigarandırlar. Sabiq şöbə müdiri iştirak etdiyi məclislərdə əlinə düşən hər fürsətdə bütün bu məsələlərdə başçının adını hallandırır. Görünür, “bu xəmir hələ çox su aparacaq”. Redaksiya yollanan bu məlumatların Prezident Administrasiyasının rəhbəri, cənab Ramiz Mehdiyevə, Dövlət Təhlükəsizlik Komitəsinin sədri cənab Mədət Quliyevə ünvanlamağı planlaşdırılır.