Azərbaycandan Qroznıya gedən 8432 saylı reys çox güman ki, raketlə vurulub. Ekspertlər pilotun dispetçerlərlə danışıqlarının Rusiyada dərc edilmiş stenoqramını öyrəndikdən və videonu izlədikdən sonra belə qənaətə gəliblər.
Tribunainfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Times” nəşrində dərc edilmiş məqalədə qeyd olunur.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer” tipli təyyarəsinin pilotları bütün uçuş idarəetmə sistemlərini itirdikdən sonra yalnız dartı mühərriklərindən istifadə edərək zədələnmiş təyyarəni qəza enişi etdirməyə çalışarkən böyük çətinliklərlə mübarizə aparmalı olublar”, – məqalədə deyilir.
Qazaxıstandakı qəzadan əvvəlki və sonrakı videolar göstərir ki, qəlpələr təyyarənin arxa hissəsini deşərək onun qanadlarında və quyruq hissəsində olan hər üç paralel hidravlik sistemi sıradan çıxarıb”, – aviasiya üzrə ekspertlər bildiriblər.
Qroznıda pilotlarla dispetçerlər arasındakı danışıqların stenoqramı göstərir ki, onlar görmə məsafəsinin həddindən artıq zəif olması səbəbindən eniş edə bilmədikləri üçün Çeçenistan şəhərindən uzaqlaşarkən əvvəlcə quşla toqquşma hesab etdikləri “zərbə” barədə məlumat veriblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.