ABŞ Nümayəndələr Palatasının Amerika bazarına 2016-cı ildə daxil olan “TikTok” qısa video xidmətinin qadağan edilməsini nəzərdə tutan qanunun qəbuluna səs verməsi Vaşinqtonun Pekinlə münasibətlərində əlavə gərginlik mənbəyi yaradıb. ABŞ-ın ardınca digər dövlətlər də “TikTok” platforması qadağan edə bilərlər.
Tribunainfo.az xəbər verir ki, bu barədə danışan politoloq Elxan Şahinoğlunun fikrincə, ilk dəfədir ki, ABŞ prezidenti Cozef Bayden Respublikaçı və Demokrat partiyalarından olan konqresmenlərin “TikTok”u qadağan etmək məsələsindəki mövqelərini dəstəkləyir. Nümayəndələr Palatasının spikeri Mayk Conson kommunist Çini Amerikanın ən böyük geosiyasi düşməni adlandırıb:
“O bu fikirdədir ki, Pekin “TikTok” texnologiyasından Amerikanın iqtisadiyyatını və təhlükəsizliyini sarsıtmaq üçün istifadə edir. Bu mövqeyi konqresmenlərin əksəriyyəti bölüşür. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də eyni mövqedədir. Bu təşkilat hesab edir ki, Çin “TikTok” vasitəsilə Amerika cəmiyyətini bölməyə çalışır. Mərkəzi Kəşfiyyat İdarəsinin analitiklərinin fikrincə, Pekin “TikTok” platforması vasitəsilə Amerika vətəndaşları barədə məlumatlar toplayır və onlardan öz məqsədləri üçün istifadə edir.
Qanun layihəsi qəbul olunub imzalanarsa bu, istifadəçi sayı 170 milyon olan böyük bazarın itirilməsi olacaq.
Maraqlıdır ki, “TikTok” yaradan şirkət bu platformanı Çinin xaricində yayıb. Bu platforma Çində çalışmır. Belə çıxır ki, Pekin Çində icazə vermədiyi platformanı başqa ölkələrdə yaymağa çalışır. ABŞ-ın ardınca digər dövlətlər də “TikTok” platforması qadağan edə bilərlər”.
Nigar