Abşeron Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Akif Mansırlının (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə 02 aprel 2024-cü il tarixdə, saat 08 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Akif Mansırlı qeyri-rəsmi birlikdə yaşadığı zərərçəkmiş Aylin Muradovanın (şərti) yaşadığı mənzilin yataq otağındakı jurnal masasının üzərinə qoyulmuş qadına məxsus əl çantasının içərisində olan pul kisəsindən 200 manat pulu, 300 ABŞ dollarını (510 manat), yataq otağındakı paltar dolabındakı karton qabın içərisindən 820 manat dəyərində qızıl sırğanı, 336 manat dəyərində qızıl sırğanı, 168 manat dəyərində qızıl üzüyü, 211 manat dəyərində qızıl boyunbağını, 102,9 manat və 49 manat dəyərində qızıl qolbaqları talayıb. Beləliklə o, zərərçəkmiş şəxsə ümumilikdə 2396 manat 90 qəpik məbləğində ziyan vurmaqla oğurluq edib.
Akif Mansırlı ibtidai istintaqda ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərib ki, zərərçəkmiş Aylini 2024-cü ilin mart ayından etibarən tanıyır. Belə ki, Aylin ilə tanışlığı “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə yaranıb. Bir müddət sonra isə qadının yaşadığı mənzildə onunla birlikdə qalmağa başlayıb.
Təqsirləndirilən şəxs qeyd edib ki, Aylin ilə münasibətləri yaxşı olub və onunla ailə həyatı qurmaq fikrində düşüb: “Aprelin 1-i axşam saatlarında evdə olan zaman Aylin mənə ailə həyatı quracağımız barədə valideynlərimə məlumat verməyimi söylədi. Mən də ona bu barədə valideynlərimə məlumat verəcəyimi dedim. Aylin isə mənim ailə həyatı qurmaqla bağlı ciddi fikirdə olmadığımı bildirdi. Bu səbəbdən onunla aramızda sözlə mübahisə oldu. Növbəti gün, yəni Aprelin 2-si saat 08 radələrində aramızdakı mübahisəyə görə ondan acıq çıxmaq istədim. Belə ki, Aylinin evində olan pul və qızıl əşyalarının yerini bildiyim üçün oğurluq etmək qərarına gəldim”.
Akif Mansırlının sözlərinə görə, həmin gün götürdüyü qızıl əşyalardan iki cüt qızıl sırğanı metronun “Memar Əcəmi” stansiyası yaxınlığında yerləşən lombarda girov qoyaraq 870 manat pul götürüb: “Aprelin 3-də isə özümdə saxladığım bir ədəd qızıl üzük, bir ədəd qızıl boyunbağı və iki ədəd qızıl qolbağı metronun “Gənclik” stansiyası yaxınlığında yerləşən lombarda girov qoyub 375 manat pul götürdüm. Sonra həmin pulların bir hissəsini öz ehtiyaclarıma, bir hissəsini isə internet vasitəsilə oynadığım mərc oyunlarına xərclədim. Bir neçə gün sonra Aylin evindən oğurluq olduğunu və məndən şübhələndiyini bildirdi. Mən də ona oğurluq etdiyimi etiraf etdim. Həmçinin boş pul kisəsini və karton qabı Aylinə qaytardım. Sonradan onun barəmdə şikayət etməsindən məlumatı oldum”.