Etibar Əliyev, təhsil eksperti
Tibb Universitetinin yeni rektoru artıq mətbuata danışmağa başlayıb. Yaxşı haldır.
Ölkənin insan sağlamlığı üçün mütəxəssis hazırlayan ali məktəbinin rəhbəri ictimaiyyətə açıq olmalıdır.
Azərbaycan Tibb Universitetində isə uzun illərdir durğunluq hökm sürür.
Bu universitetə 23 il rəhbərlik etmiş akademik Əhliman Əmiraslanov onu dünya tibb ali məktəblərinin içərisində tanıtdıra bilmədi.
Sovetlər vaxtı oğlanlar Tibb Universitetinə nadir hallarda məktəbi bitirən kimi qəbul olunurdular.
Zəhra Quliyevanın vaxtında yaşlı abituriyentlərin sayına görə bu ali məktəb birinci yeri tuturdu.
İndiki həkimlərin böyük əksəriyyəti o zaman daxil olanlardır. Yaxşı ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradıldı. Bu qurumun sahəsində orta məktəbləri qurtaran bilikli abituriyentlər elə birinci ildə tibbə daxil ola bildilər. Lakin buna baxmayaraq Tibb Universitetinin məzunlarına etimad çox aşağı səviyyədədir. Elə bu səbəbdən də həkimlərin böyük əksəriyyəti əyləşdikləri kabinetin divarına hansısa ölkədə kurs, yaxud təkmilləşmə keçdiyini yazırlar. Bu xəstələri cəlb etmək üçün vasitədir, çünki ATU diplomuna etimad çox azdır.
Ali məktəblərin keyfiyyət kriteriyalarından biri professor-müəllim heyətinin tərkibidir. Nədənsə bu ali məktəbdə qocalma sürətlə gedib. Burada kafedraların müdiri vəzifələrinin çoxu ötən əsrin 60-80-ci illərindən tutulub. Və heç kim yerini cavanlara verməyib. Elə keçmiş rektor, akademik Əhliman Əmiraslanovun özü 1993-cü ildən “Onkologiya” kafedrasının müdiridir. Qocaman professuranı yerindən tərpətmək üçün kafedranı kiməsə həvalə etmək mədəniyyətini o gətirməli, kafedra müdirliyindən əl çəkməli idi, lakin bu da baş vermədi.
Tibb Universitetinə, nəhayət, gənc kadr gətirildi. O, ixtisasca psixiatrdır. Düzdür, Azərbaycan cəmiyyətində psixiatr kimi onu yaxşı tanımırlar, indi psixiatr deyəndə daha çox Nadir İsmayılovun adı çəkilir, lakin böyük ümidlər bəslədik ona…
Sizə qəribə gəlməsin, nə də gülməyin, yeni rektoru düşünəndə ilk ağlıma gələn odur ki, görəsən professor Gəraybəyli Tibb Universitetinin psixiatrik durumunu necə qiymətləndirir?
Bu ali məktəbdə hərtərəfli durumu nəzərə alanda, başqa cür düşünmək də olmur.
Qayıdaq, Gəray müəllimin modern.az saytına verdiyi müsahibəyə. Açığı bütün gözləntilərimə rəğmən, dərin bir məyusluq yaşadım. Məsələn, jurnalistin yeni rektora verdiyi suala diqqət edək:
Sual: Baş psixiatrsınız. Mən bildiyimə görə, dünyada belə bir standart qəbul olunub ki, hər ölkə əhalisinin 1 faizi şizofreniyadan əziyyət çəkir. Azərbaycanda dəqiq say varmı?
Cavab: Yəqin ki, Dövlət Statistika Komitəsində belə bir rəqəm var. Lakin onu da deyim ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi hesabatlarına görə, əhalinin təxminən 1 faizində şizofreniya kimi xroniki xəstəliklərə rast gəlinir.
Fikir verin, ölkənin baş mütəxəssisi deyir ki, yəqin ki, Dövlət Statistika Komitəsində belə bir rəqəm var. Niyə “yəqin ki”? Niyə bilmirsiniz? Niyə dəqiq demirsiniz? Məgər sizin birbaşa ixtisasınız və rəhbərlik etdiyiniz sahənin vacib göstəricisi deyilmi? Yəqin ki, belə bir cavabı rektorun əvəzinə tələbə versəydi, onu imtahandan kəsərdilər. Dövlət Statistika Komitəsinin hesabatına görə, 2015-ci ildə “psixi pozuntular və davranış pozuntuları” olan xəstələrin sayı 7564 nəfər olub, bu da 1 faizdən azdır, üstəlik, şizofreniya bunun yalnız bir hissəsidir. Mən gözləyirdim ki, hörmətli professor bu rəqəmləri deyib, onun doğru olub-olmadığını söyləyəcək, dinamikanı təhlil edəcək, yollar göstərəcək, planlar açıqlayacaq. Ölkənin baş psixiatrı bir poliklinika həkiminə də uyğun gəlməyən cavab verməli deyil.
Rektorun bu müsahibədəki digər cavabları isə məni daha çox məyus etdi. Jurnalist soruşur ki, Tibb Universitetinin diplomunun xarici ölkələrdə tanınması ilə bağlı vəziyyət nə yerdədir, rektor hamıda təəssüf yaradacaq bir cavab verir: “ATU-nun diplomunu tanıyan ölkələrin sayı ildən-ilə artır. Bu il həmin ölkələrin sırasına İraq da daxil oldu. İraqın Azərbaycandakı səfiri mənimlə görüşündə bu xəbəri bizimlə bölüşmüşdü”.
Bir daha oxuyun bu cavabı. Bu, cəmiyyəti aldatmaq deyilmi? Budurmu uğur? İraqın nə halda olduğu hər kəsə bəllidirsə, şərhə də ehtiyac görmürəm.
Tibb Universitetindəki rüşvətlə bağlı suala cavabda isə yeni rektor köhnələri də arxada qoyub.
Sual: Hansısa müəllim rüşvətə görə işindən çıxarılıbmı?
Cavab: İndiyədək belə fakt aşkar olunmayıb. Hesab edirəm ki, bu, hüquq-mühafizə orqanlarının funksiyasıdır. Mən onu dəqiq deyə bilərəm ki, əgər belə bir faktın olduğunu sübut edən dəlillər aşkarlasam, dərhal, heç xəbərdarlıq da etmədən özüm hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm.
Mən bu cavabı oxuduqdan sonra düşündüm ki, yəqin Tibb Universitetindəki yayğın və yüksək rüşvət haqda söhbətlərin aradan qaldırılması qaldı sahə müvəkkilinin ümidinə. Rektor anlamırmı ki, rüşvət qiymətləndirməyə aiddir və bu da keyfiyyətsiz təhsilə, bacarıqsız kadrlara, o da öz növbəsində insanların həyatı ilə bağlı problemlərə yol açır? Bunu rektor həll etməyəcəksə, polisdən, prokurordan niyə imdad gözləyir? Elə belə olur ki, bu ali məktəbin diplomunu İraq tanıyır.
Rektor müsahibəsində Tibb Universitetinin nəzdinə daxil olan Klinikalardakı qiymətlərə toxunur və bunların normal olduğunu deyir. Eyni zamanda əhalinin müalicə üçün İrana getməsinin səngiməsini qeyd edir. Halbuki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasındakı qiymətlər sadə insanlar üçün sadəcə fəlakətdir. Hətta ölümdür. Bundan ötrü İrana da getməyə ehtiyac yoxdur.
Məqsədim bu yazıda yeni rektorun müsahibəsini təhlil etmək deyildi. İxtisasım da imkan verirdi ki, onun Freyd, Yunq haqda, intiharla bağlı bəzi fikirlərinə opponentlik də edim. Lakin mən bu məsələlərdə hər şeyə göz yummağa hazıram. Fəqət təhsil və sağlamlıq məsələləri bu kateqoriyaya aid deyil. O, debat və ya doktrinlərin dartışılması məsələsi deyil. Ciddi həyat məsələsidir. Mən yeni rektorun müsahibəsini oxuyub ümidləri daşa dəymiş adam kimi məyus oldum.
Nə yaxşı, heç olmasa İraq ATU-nun diplomlarını tanıyıb. Yəqin orada yanlış kəsilməli çox ayaq var!