Meta-nın “Threads” platforması sürətlə böyüməyə davam edir. İnvestorlar üçün keçirilən hesabat iclasında Mark Zükerberq sosial şəbəkənin aylıq aktiv istifadəçi sayının 320 milyona çatdığını açıqlayıb. Bu, ötən ay qeydə alınan 300 milyonluq göstəricidən çoxdur, noyabr ayında isə bu rəqəm 275 milyon olub. Tribunainfo.az xəbər verir ki, bu barədə “TechCrunch” məlumat yayıb.
Bundan əlavə, Zükerberq bildirib ki, hər gün “Threads” platformasına təxminən bir milyon yeni istifadəçi qoşulur.
“Meta” istifadəçi sayını artırmaq üçün platformaya mütəmadi olaraq yeni funksiyalar əlavə edir. Bunlara paylaşımların planlaşdırılması, postlara musiqi əlavə edilməsi, “Community Notes” funksiyası və digər yeniliklər daxildir.
“Meta”nın maliyyə direktoru Suzan Li isə vurğulayıb ki, “Threads”in tövsiyə sistemlərində bir neçə yeniləmə aparılır. Bu yeniləmələr daha təzə paylaşımlara üstünlük vermək, ən yaxşı müəlliflərin məzmununu göstərmək və istifadəçilərin abunə olduqları hesabların paylaşımlarını daha çox görməsini təmin etmək məqsədi daşıyır.
“Threads”in istifadəçi sayının sürətlə artması “Meta”nın sosial media bazarında güclü mövqeyini qoruduğunu göstərir. Şirkət “Bluesky”, “Mastodon”, “X” və digər rəqibləri ilə mübarizəni davam etdirir.
Məsələn, “Twitter”in qurucusunun yaratdığı mərkəzləşdirilməmiş sosial şəbəkə “Bluesky” 2024-cü ilin noyabr ayında 189% artım nümayiş etdirdikdən sonra yeni istifadəçi axınında ciddi azalma ilə üzləşib.