“The Jerusalem Post”: Azərbaycan mədəniyyətlərarası dialoqun əsl nümunəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir ay əvvəl UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işində iştirak etmək şərəfinə nail oldum. Beynəlxalq münasibətlərdə israilli ekspert kimi mən Forum iştirakçıları qarşısında “Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya” mövzusunda panel sessiya çərçivəsində çıxış etdim.  

Bir ay əvvəl UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun işində iştirak etmək şərəfinə nail oldum. Beynəlxalq münasibətlərdə israilli ekspert kimi mən Forum iştirakçıları qarşısında “Heydər Əliyev şəxsiyyəti və Azərbaycanda dinlərarası harmoniya” mövzusunda panel sessiya çərçivəsində çıxış etdim. 

Azərbaycanın multikultural və tolerant xarakterindən, yəhudilər və azərbaycanlılar arasında real dialoqdan, İsrail və Azərbaycan arasında qarşılıqlı münasibətlərdən və Azərbaycanda yəhudilərlə müsəlmanlar arasında əsl “insan” körpüsündən geniş danışdım.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut iyunun 15-də İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsində deyib ( http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Azerbaijan-is-the-genuine-sample-of-intercultural-interfaith-and-intercivilization-dialog-496683)

Məqalə müəllifi vurğulayır ki, Azərbaycan cəmiyyətinə tarixən xas olan multikulturalizm və tolerantlıq bu gün milli identikliyindən, dilindən və dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. “Müsəlmanların üstünlük təşkil etdiyi Azərbaycan həm də digər etnik və dini qruplar, o cümlədən xristian və yəhudi icmaları üçün doğma evdir”, – deyə Arye Qut vurğulayır.

İsrailli ekspertin fikrincə, Ermənistanla ağır və qanlı ərazi münaqişəsinə, ərazisinin 20 faizinin işğal edilməsinə və 1 milyondan çox qaçqın və məcburi köçkünü olmasına baxmayaraq, ikili standartlardan əziyyət çəkən, çox mürəkkəb və amanabənd geosiyasi əhatədə olan Azərbaycan Respublikası bu gün Cənubi Qafqazda lider qəbul edilib və eyni zamanda, sivilizasiyalararası və dinlərarası dialoqun əsl nümunəsidir.

Arye Qutun sözlərinə görə, hər il Azərbaycan dövlətinin başçısı İlham Əliyev Beynəlxalq Holokost Qurbanlarının Xatirəsi Günündə yəhudi icmasına müraciət edir və bütün Azərbaycan vətəndaşlarını 6 milyon yəhudinin xatirəsini anmağa çağırır. Prezident İlham Əliyev qeyd edir ki, bizim ürəyimiz Holokost soyqırımında məhv edilmiş və taleyi çönmüş milyonlarla günahsız insanlara, soyqırımı dəhşətlərindən əziyyət çəkənlərə indi də ağrıyır. Təəssüf ki, belə cinayətlər bu gün də davam edir. XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, qanlı terror və kütləvi zorakılıq, habelə qorxunc və vəhşicəsinə törədilmiş Xocalı faciəsi və soyqırımı aktı beynəlxalq birliyin gözü qarşısında baş verib.

Məqalə müəllifi vurğulayır ki, iki il bundan əvvəl İsrail Prezidenti Ruven Rivlin BMT Baş Məclisinin Beynəlxalq Holokost Qurbanlarının Xatirəsi Gününə həsr edilmiş tədbirində Xocalı soyqırımı aktına toxunub. “Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı və vəhşi soyqırımı aktı mənim şəxsi ağrım, şəxsi faciəmdir. Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtədən qat-qat artıq məna kəsb edir. Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmi kimi şəhər və kənd adları qəddarlıq və qeyri-insanilik rəmzlərinə çevrilib. Ötən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad – Azərbaycanın Xocalı şəhərinin adı əlavə olundu. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir. Bu tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmayan Xocalı sakinlərinə aman verməyiblər. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər əlil olub, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıb. Xocalı şəhərinin mülki əhalisinin qəsdən kütləvi şəkildə məhv edilməsi yalnız bir səbəblə – onların azərbaycanlı olması ilə bağlı idi. Siz mənə deyin, indiki erməni faşistləri İŞİD-in müasir terrorçularından nə ilə fərqlənirlər?”, – deyə Arye Qut “The Jerusalem Post” qəzetində sual edir.

İsrailli ekspert vurğulayır ki, ən qorxulu və əxlaqa sığışmayan fakt odur ki, Xocalı vəhşiliyinin ideoloqları, təşkilatçıları və günahkarları – Ermənistanın indiki prezidenti Serj Sarkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan, sabiq prezidenti Robert Koçaryan və başqaları bu gün Ermənistanda yüksək vəzifələri tutmaqda davam edirlər.

Arye Qut qeyd edir ki, ən dözülməz və dəhşətlisi odur ki, prezident Sarkisyan başda olmaqla Ermənistanın terrorçu və separatçı hakim elitası Avropa yəhudilərinin məhv edilməsində iştirak etmiş faşistlərin və antisemitlərin xatirəsini dövlət səviyyəsində əbədiləşdirir. “Hələ iki il əvvəl Ermənistanın sabiq baş naziri Qrant Baqratyan İsrail qondarma “erməni soyqırımı”nı tanımayınca, Ermənistanın Holokost soyqırımını tanımayacağı barədə qətnamə layihəsini təqdim edib. Bu, antisemitizmin Ermənistanda dövlət səviyyəsində mövcudluğunu göstərən əyani faktdır. Avropada faşistlərin Auşvits, Soribor, Dahauda əsir düşərgələrində alçaldılmış, təhqir edilmiş və sobalarda yandırılmış avropalı yəhudilərin taleyini Osmanlı imperiyası ərazisində “Böyük Ermənistan” yaratmaq xülyasına düşən ermənilərin taleyi ilə müqayisə etmək mümkün deyil.

İsrailli ekspert yazır ki, uzun illərdir Ermənistanda yəhudilərə mənəvi zorakılıq tətbiq edilir; bu, antisemit kitabların nəşrində, televiziyada antisemit verilişlərdə, habelə Yerevanda Holokost qurbanlarının xatirə plitəsinin dəfələrlə təhqir olunmasında özünü göstərir.

“2014-cü ilin iyun ayında Antidiffamasiya Liqasının sorğusu göstərib ki, Ermənistanda antisemitizmin səviyyəsi (58%) bütün Avropa miqyasında üçüncü, postsovet məkanında və Şərqi Avropa ölkələri arasında ən yüksək olub. Beləliklə, Ermənistanın 2,2 milyon əhalisindən təxminən 1,3 milyonu antisemit əhvali-ruhiyyədədir” – deyə Arye Qut “The Jerusalem Post” qəzetində yazır.

İsrailli ekspert vurğulayır ki, şovinizmin, millətçiliyin, faşistlərin və antisemitlərin “göylərə qaldırılması” Sarkisyanın dövlət siyasəti rejiminin ayrılmaz hissəsidir. Ermənistanın monoetnik ölkə olması hamıya gözəl məlumdur. “Vurğulamağa dəyər ki, bu qana susamış faşist və antisemitlərin kultu hansısa marginal siyasi qruplaşmalar tərəfindən yaradılmır. Bütün bunların arxasında dövlət, ən dəqiqi isə müasir Ermənistan respublikasının cinayətkar terrorçu rəhbərliyi dayanır. Faşist və antisemit general Qaregin Njdeyə abidənin açılışında Ermənistan prezidenti Sej Sarkisyanın və müdafiə naziri Seyran Ohanyanın iştirakı bir daha təsdiqləyir ki, onlar özlərini erməni faşisti və antisemit Njdenin həqiqi və əsl varisi hesab edirlər. Tarix İkinci Dünya müharibəsində vermaxt ordusunun tərkibində 20 minlik erməni legionunun qəddarlığını heç vaxt unutmayıb. Millətçi komandir Dronun (o, minlərlə yəhudinin məhvində şəxsən iştirak edib) başçılıq etdiyi erməni legionunun məqsədi yəhudiləri və alman faşistləri üçün yararsız olan digər şəxsləri ələ keçirərək məhv etmək olub. Bununla yanaşı, erməni legionu əsir düşərgələrində ölüm marşları təşkil edib. Bu gün məhz belə “pəhləvan”, “parlaq” antisemit və faşist Dro ölkənin indiki hakimiyyətinə öz işğalçı planlarına bəraət qazandırmaq və böyüməkdə olan nəslin digər xalqlara nifrət ruhunda tərbiyəsi üçün bir rəmz kimi lazımdır.

Bu gün Ermənistanda Dro və Njdeyə irimiqyaslı kult yaradılır. Onların şərəfinə xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir, Ermənistanın paytaxtında isə Qaregin Njdenin adı meydana verilib. Vurğulayaq: kult hansısa marginal siyasi qruplaşmalar tərəfindən yaradılmır. Bütün bunların arxasında dövlət dayanır. Düşünürəm, erməni generalı Dro və Njdenin məhz Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan kimi varisləri XX əsrin sonlarında Azərbaycanın Xocalı şəhərində kütləvi qırğın törədiblər. Bu baxımdan Serj Sarkisyanın təkcə “Xocalı hadisəsinə qədər azərbaycanlılar fikirləşirdilər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq – biz bu stereotipi qıra bildik” fikirlərini xatırlamaq kifayətdir. Bu sözlər real olaraq sübut edir ki, Serj Sarkisyan və onun Ermənistan hakimiyyətindəki klanı Dro Njdenin əsl və layiqli davamçılarıdır”, – deyə Arye Qut “The Jerusalem Post”da məqaləsində qeyd edib.

Azərbaycanda yəhudi icmasının vəziyyəti tamamilə başqadır. Arye Qut öz məqaləsində İsrail vətəndaşı kimi qürurla bildirir ki, Azərbaycan rəhbərliyi respublikada yaşayan bütün xalqların, o cümlədən ölkənin yəhudi icmasının ənənələrinə və həyatına dünyada analoqu olmayan qayğıkeş və səmimi münasibət göstərir. Müəllif yazır: “Ölkə Prezidentinin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yaradılıb. Azərbaycanda birinci yəhudi muzeyi yaradılması planlaşdırılır. Bu Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan kimi bir ölkənin İsrail ilə bu cür sıx dialoq, əməkdaşlıq və tərəfdaşlıq qurmağa necə nail olması barədə kiminsə sualı varsa, Azərbaycanın dağlıq bölgəsində yerləşən Quba rayonunda yəhudilərin yaşadığı məşhur Qırmızı Qəsəbəyə baxmaq kifayətdir. Azərbaycanın əsl qürur yeri sayılan Qırmızı Qəsəbə İsraildən sonra bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal yerdir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaşlar kimi yaşayır, onlar ortaq tarixi tellər və ortaq tale ilə bir-birinə bağlıdır. Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətinə və təcavüzünə, ərazisinin 20 faizinin işğal edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan mədəniyyətlərarası, sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl nümunəsi olub və bu gün də belədir”.

“Qədim Azərbaycan torpağında iudaizm, islam, atəşpərəstlik və xristianlıq dinlərinə sitayiş edən insanlar yanaşı yaşayıblar. Bu torpaq indi də tolerantlıq və dini dözümlülüyə inanılmaz dərəcədə can atdığını nümayiş etdirir. Bu zalım və qanlı-qadalı dünyamızda biz müasir, dünyəvi, tolerant və güclü olan, İslam dünyası ölkələrinin çoxuna bir növ tərəqqi və inkişaf mayakı olan Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini İsraildə müşahidə edir və dəyərləndiririk”, – deyə israilli ekspert qeyd edir.

İsrail-Azərbaycan qarşılıqlı münasibətlərinin problematikasına toxunan məqalə müəllifi göstərir ki, İsrailin Baş nazirinin 2016-cı il dekabrın 8-də Bakıya səfəri tarixi əhəmiyyət daşıyıb. “Benyamin Netanyahunun 1997-ci ilin avqust ayında Bakıya qısa səfər etməsinə baxmayaraq, onun 2016-cı il dekabr səfəri tarixi səfər oldu, çünki bu, İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulduğu 25 il ərzində İsrail hökuməti başçısının Azərbaycana ilk rəsmi səfəri idi. Bakıda İsrail Baş nazirinin və Azərbaycan Prezidentinin görüşü bir daha təsdiq etdi ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədədir, iqtisadiyyatın tərkib hissəsi olan ticarət dövriyyəsi isə daim artır. Ölkələr arasında əmtəə dövriyyəsi təxminən 3,5 milyard dollardır. Əgər əvvəllər bu dövriyyə əsasən neft və qaz sənayesi üzərində cəmləşirdisə, hazırda qarşılıqlı münasibətlərin inkişafı şaxələndirilərək iqtisadiyyatın başqa sektorlarını, o cümlədən kənd təsərrüfatını, informasiya texnologiyalarını, hərbi sənayeni, su resurslarını əhatə edir. Hərbi-texniki tərəfdaşlıq fəal inkişaf edir və möhkəmlənir”, – deyə Arye Qut yazır.

Ekspert vurğulayır ki, İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, ərazi bütövlüyünü fəal şəkildə dəstəkləyir və Ermənistan-Azərbaycan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırır. Bu barədə söhbət açan Arye Qut məqaləsində yazır: “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı 25 ildən çoxdur ki, davam edir. Bu təcavüz nəticəsində ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün var. İndiki mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın haqlı mövqeyinin Yaxın Şərqdə İsrail dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi Azərbaycan Respublikası üçün çox zəruridir. İlham Əliyev və Benyamin Netanyahu ölkələr və xalqlar arasında münasibətlərin möhkəmlənməsində yeni səhifə açıblar. Azərbaycan tolerantlıq və qarşılıqlı hörmətə gözəl və parlaq nümunədir. Azərbaycanda yəhudilərə əsrlərboyu bəslənilən hörmət Azərbaycana rəğbəti və vurğunluğu daha da artırır. Bu gün ortaq dəyərlər və ortaq tarix müasir Azərbaycan-İsrail münasibətlərinə nüfuz edir. Hər iki tərəf sıx insani əlaqələri və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq məramı ilə zənginləşir. Bundan başqa, gün kimi aydındır ki, Azərbaycanda yəhudilər və müsəlmanlar dinc yanaşı yaşayıblar və bu gün də qardaş kimi yaşayırlar – öz aralarında ortaq tarix və tale ilə həmişəlik bağlıdırlar”.

İsrailli ekspert məqaləsini bu sözlərlə yekunlaşdırır: “Qürurla deyə bilərəm ki, Avropanın sivilizasiyalı adlandırılan ölkələrindən və xalqlarından fərqli olaraq azərbaycanlılar heç zaman yəhudilərə, yəhudilər də azərbaycanlılara xəyanət etməyiblər”.