“Təzə dəm”də çay keyfi ona 17 minə başa gəldi

“Təzə dəm”də çay keyfi ona 17 minə başa gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtomobildən 9900 dollar (16 830 manat) oğurlayan Biləsuvar rayon sakini həbs edilib.

Tribunainfo.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Sabit Orucov küçəsindəki “Təzə dəm” çay evinin qarşısında baş verib.

Axşam saatlarında çay evinin qarşısından keçən 35 yaşlı T.Məmmədov orada dayanan “BMW X5” markalı avtomobilin qapısının açıq olduğunu görüb. O, maşının salonuna daxil olaraq ön oturacaqların arasındakı mərkəzi dirsək altından 9900 ABŞ dollarını götürüb qaçıb.

T.Məmmədov oğurladığı pulları yaşadığı evə aparıb.

Hadisə vaxtı çay evində olan zərərçəkmiş şəxs küçəyə çıxıb maşınına oturduqda pulların oğurlandığını görüb və polisə məlumat verib. Həyata keçirilən tədbirlərlə T.Məmmədov saxlanılıb və barəsində cinayət işi açılıb. Onun əvvəllər də bir neçə dəfə oğurluq etdiyi və bu cinayət hadisəsini törədərkən şərti azadlıqda olması müəyyən edilib.

Xətai Rayon Məhkəməsinin bir neçə gün öncə çıxardığı hökmə əsasən, T.Məmmədova 3 il həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs olunub.

 

Hökm verilərkən oğurlanmış pulların böyük hissəsinin qaytarılması və təqsirləndirilən şəxsin övladının birinci qrup əlil olması yüngülləşdirici hal, onun təkrar olaraq və şərti azadlıqdaykən cinayət törətməsi isə ağırlaşdırıcı hal kimi nəzərə alınıb.