Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayonu Mirzəli kənd sakini, Qoşqar Sadıqovun ailə üzvləri bu faciədən sarsılıblar.
Qoşqarın babası Əzulla Sadıqov “Report”a bildirib ki, nəvəsi Rusiyaya işləmək üçün gedirdi:
“Uşağı özüm Rusiyaya yola salmışam. O, işləmək üçün gedirdi. Bu gün nəşin gətirdilər, saat 5-də dəfn etdik. Dövlətimizə təşkilatçılığa görə təşəkkür edirəm”.
Qeyd edək ki, əvvəlcə Q.Sadıqovun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.