2012-ci ilin mart ayına qədər “Texnikabank” adlanan bankın Müşahidə Şurasına rəhbərlik etmiş, hazırda “Bank Technique”nin rəhbəri Etibar Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə istintaqa cəlb olunub.
2012-ci ilin mart ayına qədər “Texnikabank” adlanan bankın Müşahidə Şurasına rəhbərlik etmiş, hazırda “Bank Technique”nin rəhbəri Etibar Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə istintaqa cəlb olunub.
Etibar Əliyev cinayət işi üzrə şahid qismində dindirilib.
O, bildirib ki, 1993-cü ildən “Rəşad Bank” ASC-nin idarə heyətinin sədri olub, 1998-ci ildən bankın adı dəyişdirilərək “Texnikabank”olub: “Həmin vaxtdan bankın Müşahidə Şurasının sədri təyin edilmişəm. 2012-ci ilin mart ayının 6-dək həmin vəzifədə işləmişəm”.
Etibar Əliyevin sözlərinə görə, MTN-nin İstintaq Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə banka məxsus pul vəsaitlərinin mənimsənilməsi və digər faktlara görə həbs edilib: “Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il şərti cəza almışam. 2015-ci il noyabr ayının əvvəlindən yenidən “Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri təyin edilmişəm. 1 fevral 2016-cı il tarixdən bankın lisenziyası geri çağırılıb, hazırda bank ləğv olunma mərhələsindədir”.
Etibar Əliyev qeyd edib ki, bankın “Bakı” filialının müdiri vəzifəsində işləmiş Zal Yusifovun onun barəsində verdiyi ifadənin heç bir hüquqi əsası yoxdur: “Zal yalnız özünün etdiyi cinayətlərə don geyindirmək, özünü müdafiə etmək məqsədi güdüb.
Zal Yusifov filial müdiri olduğu müddətdə ayrı-ayrı vətəndaşları aldatmağa nail olub. Onlara guya xaricdən mal-material, tikinti materialları gətirdiyini, bu səbəbdən ona pul vəsaiti lazım olduğunu bildirməklə vətəndaşları aldadıb, onlardan külli miqdarda vəsait alıb. Şifahi razılaşmaya əsasən, onlara aylıq 10-20 faiz həddində pul vermək öhdəliyi götürüb. Pullar isə banka mədaxil edilməyib və balansa salınmayıb.
Eşitdiyimə görə, Zal Yusifov təxminən 2-3 il ərzində həmin fəaliyyətlə məşğul olub, sonralar aldığı vəsaitləri ödəyə bilmədikdə həmin vətəndaşların təsiri ilə filialın adından heç bir əsası və qeydiyyatı olmayan əmanət kitabçası, kassa mədaxil orderləri verməklə vətəndaşları yenidən aldadıb.
Əslində isə Zal Yusifov aldığı vəsaitləri öz maraqlarına uyğun istifadə edib. Vəsaitlərin böyük hissəsini təkrar həmin vətəndaşlara, əsasən Nizami Kazımova, Hüseyn Səfərova və başqalarına qaytardığı hallar da olub”.
Etibar Əliyev qeyd edib ki, yüksək faizləri ala bilməyən vətəndaşlar sonradan pullarını geri tələb ediblər: “Bu zaman Zal Yusifovun əməllərinin üstü açılıb, həmçinin audit yoxlaması nəticəsində filialın kassasından təxminən 4.000.000 manat çatışmazılıq aşkarlanıb. Bu işlərdə Zal Yusifovun ən böyük köməkçisi oğlu olub. Zal Yusifov özü bankdan götürdüyü pulu yüksək faiz kimi verdiyini etiraf edib. Onun aldatdığı Nizami Kazımov, Hüseyn Səfərov, Nail Rzayev və adlarını xatırlamadığım digər şəxslər bankdan pullarını tələb ediblər.
Bu məsələlərin və banka qarşı təxribatın araşdırılması üçün MTN-ə bankın adından rəsmi məktubla müraciət edilib. İstintaq aparılaraq Zal Yusifov, oğlu, bankın “Bakı” fililalının xəzinədarı, mühasib və digər şəxslər məhkəmə hökmü ilə məhkum ediliblər”.
Etibar Əliyevin sözlərinə görə, Nizami Kazımov, Hüseyn Səfərov, Namil Rzayevi həmin məsələnin üstü açılandan sonra tanıyıb: “Nizami Kazımov və zərərçəkmiş digər vətəndaşlara vəsaitlərinin qaytarılacağı barədə vəd verməmişəm. Bunun qarşılığında onları şikayətdən çəkindirməmişəm. MTN-nin istintaq baş idarəsini rəisi işləmiş Mövlam Şıxəliyev, həmin idarənin şöbə rəisi Vüsal Ələkbərov və digər şəxslər məndən pul və ya sair qiymətli əşyalar istəməyiblər. Onlar məndən nə pul, nə də qiymətli əşya alıblar”.
Qeyd edək ki, Vüsal Ələkbərovun cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırlalacaq.
O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
(teleqraf)