“Çay bizim milli içkimiz kimi qəbul edilir. Zamanında Azərbaycan süfrəsində müəyyən milli içkilər özünə yer almışdı. İndi də bəzi məclislərdə bu içkilər qalmaqdadır. Məsələn, şərbət milli süfrəmizdə tarixən yer almış içkidir. Kəndlərdə, bəzi şəhər yerlərində indi də şərbət süfrəyə gəlir. Ayran, ovşala da milli içkimiz sayılır. Ayran daha çox yay aylarında sərin içki kimi içilsə də, çay bizim gündəlik milli süfrə, məclis mədəniyyətimizdə uzun müddətdir, istifadə olunur. Çay Azərbaycana illər əvvəl gətirilən bitkilərdəndir. XIX əsrdən Azərbaycanda əkilməyə başlayıb. Zamanında Azərbaycanda, xüsusən Cənub bölgəsində böyük çay plantasiyaları olub. İndi də qismən qalmaqdadır. Sovet dövründə Azərbaycanda çayçılıq pambıqçılıq, üzümçülükdən sonra üçüncü dərəcəli əhəmiyyət kəsb edən sahələrdən olub. Yəni ölkə büdcəsinə gəlir gətirən kənd təsərrüfatı sahəsi idi. Bu gün də çayın həm gündəlik həyatımızda, həm də məclislərimizdə milli içki kimi saxlanılması çox vacibdir. Xüsusən, son on illiklər ərzində Avropadan, Qərb dünyasından bizə ayaq açan kofe, kakao kimi məhsullar “Avropa, Qərb mədəniyyəti” adı ilə cəmiyyətimizə təqdim olunur. Biz də Qərb mədəniyyətindən geri qala bilmərik və qalmamalıyıq, lakin kofe, kakao kimi milli mentalitetimizə aid olmayan içkilərin çayı üstələməsi yolverilməzdir, xoşagələn hal deyil”.
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış etnoqraf-tarixçi, professor Təvəkkül Səlimov deyib.
Alim bildirib ki, ölkədə çayın təbliğatı aparılmalıdır: “Efirdə gülməli reklamlar yayımlayırlar. Deyirlər ki, “doğma çay Azərbaycan çayı”. (“Azərçay”ı nəzərdə tutur-red). Axı Azərbaycan dilində çaya “doğma” sözü yaramır. Hətta bəzi kanallarda yayımlanan “Final” və bu kimi çaylara aid reklamlar səviyyəsizdir. Çayın mətbəximizdə ölməməsi, yaşaması üçün bu cür reklamlara diqqət vermək lazımdır. Televiziya kanalları ancaq pul, qazanc güdür. Lakin bəziləri heç Azərbaycan əlifbasında neçə hərf olduğunu bilmirlər, ancaq reklamda iştirak edir, ağızlarına gələni yazırlar, leksikadan, qrammatikadan, fonetikdan xəbərləri yoxdur. Çox təəssüf ki, televiziyaların bir qrup işçisi savad baxımından heç də öndə gedən adamlar deyillər. Şit-şit, yersiz reklam çarxları əslində çaya münasibəti yaxşılaşdırmaq əvəzinə, daha da pisləşdirir. Buna görə də çayın təbliğatına xüsusi fikir vermək lazımdır. Azərbaycan dilinin zənginliyindən istifadə edib, bir cümlə ilə də insan qəlbini oxşamaq olar. Çayı sevməyən insan da deyər ki, dayan bir bunun dadına baxım. Bakıda çay evləri açmaq olar. Əvvəllər çay evinə “çayxana”, çay paylayana da “çayçı” deyərdilər. Lənkəran-talış zonasında elə yüksək səviyyəli çaylar hazırlanır ki. Bu gün oliqarx ailələrdə Azərbaycan çayı içilir. Lənkəran bölgəsinin ən yüksəkdə bitən çay bitkisinin ucundakı yarpaqların dadından doymaq olmur. Onlar ümumi satışa verilmir, xüsusi olaraq toplanılır və baha qiymətə, müəyyən səviyyədə olan insanlara satılır. Bu cür çaydan hazırlanmış milli içki növümüzü daha da dada gətirmək olar. Çayxanaya sulu qəlyan qoysan, əlbəttə, insan nifrət edər. Ora elə ancaq narkomanlar və başqaları gələr. Çay evlərində milli əyləncə növlərindən istifadə etmək olar ki, turist də gələr. Azərbaycan çayının əhəmiyyətini turistlər arasında da yaymaq olar. Bir oymaq qədər həcmi olan balaca fincanlarda baha qiymətə kofe, kakao içir, boş-boş söhbətlər edirlər. Çay məclislərində möhtəşəmlik, mərhəmət var idi. İnsanın çay içərkən əhvalı kofe içəndəki əhvalından daha yaxşı olur. Əvvəllər çayı xrustal, qalın stəkanlarda da verirdilər. Amma çay Azərbaycanda əsasən armudu stəkanda içilib. Armudu stəkanla “ötürülən” çayın özgə ləzzəti var. Mən çox ölkədə olmamışam, bir dəfə xarici ölkədə olmuşam. Onların bizim armudu stəkanlarımız, paxlavalarımız üçün ürəkləri gedir. Buna görə də tursitləri cəlb etmək üçün çay evlərində milli şirniyyatlarımızdan şəkərbura, paxlava, müəyyən bölgələrə məxsus şirniyyatlar da təqdim edilə bilər. Hamısı yaddan çıxıb gedir, ortaya da gəlmir. Həm sahibkarlar qazanarlar, həm də xalqımız, milli dəyərlərimiz. Bu, milli mənliyimizin daha da dayanıqlı olması üçün lazımdır. Necə çörəyi ömrün boyu yeyirsən, heç vaxt ondan imtina etmirsən, çay da elə bir milli içkidir ki, ondan imtina etmək olmur. Səhər də, günorta da, axşam da, toyda da, yasda da çay içirsən, amma doymursan. Kofe, kakao isə müvəqqəti ola bilər. Cənab Prezidentimiz də həmişə çıxışlarında milli dəyərlərimizə qiymət verir. Dövlət rəhbərliyi milli heysiyyətimizin qorunub-saxlanılmasında tərəfdardır və həmişə buna dəstək göstərir. Çayın milli mətbəximizdə qorunması azərbaycançılığımızın varlığı üçün əhəmiyyətli detaldır, şərtdir”.