backend

TƏTİL GÜNLƏRİ DƏRSİN KEYFİYYƏTİNƏ NECƏ TƏSİR EDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ölkəmizdə tədris ilinin başlanması və bitməsi tarixi hər gün müzakirə obyektinə çevrilib.  

Son günlər ölkəmizdə tədris ilinin başlanması və bitməsi tarixi hər gün müzakirə obyektinə çevrilib. 

Dünyanın inkişaf etmiş ölkələrində tədris həftələri müvafiq olaraq 38-40 həftə sayılır, bizdə isə əvvəl 32, indi isə 34 tədris həftəsi mövcuddur. Tədris ilini iki həftə artırsaq da inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridə qalırıq. Görəsən, tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldurmaq mümkündürmü? 

Təhsil eksperti, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü TİA.AZ-a bildirdi ki, əsas məsələ tədris ilinin sentyabrın 1, 15 başlaması və ya nə vaxt bitməsi deyil: “Önəmli olan tədris proqramının yerinə yetirilməsidir. Hazırda əksər fənlər üzrə tədris proqramı yerinə yetirilməyib. Belə olan halda tədris ilinin mayın 30-da bitməsi nə qədər real ola bilər? Əsas məsələ verilən əlavə 14 gündə təlim-tərbiyənin səmərəli təşkil edilməsidir. Təəssüf ki, biz bunu məktəblərdə görə bilmirik. Ona görə də bu məsələ ictimaiyyətdə 14 günün gərəksiz olması düşüncəsini yaradır. Hesab edirəm ki, bu, doğru deyil. Bayramların qeyd olunması üçün şagirdlər tədris ilinin 40-50 gününü tətil edirlər. Bu isə proqram materiallarının yetişdirilməməsi məsələsini gündəmə gətirib. Tədris ilində şagirdlərə 50 günə qədər tətil verilməsi, təlimin keyfiyyətinin istənilən səviyyədə olmasına imkan vermir. Ona görə də, tədris ilinin artırılmasındansa, bu bayram tətillərinin sayında dəyişiklik edilməsinə ehtiyac var”. 

Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, inkişaf etmiş ölkələrdə təhsil həftələrinin sayı çox olsa da onların heç də hamısı aktiv dərs deyil. Belə ki, müəyyən hissə tətillər dövrünə təsadüf edir: 

“Doğrudur, Avropa ölkələrində yay tətili qısa olur. Lakin il boyunca tədris elə bölünüb ki, şagird yorulmur. Bundan başqa, onların iqlimi də bunun üçün əlverişlidir. Onlarda Yevlax, Kürdəmir kimi isti yerlər yoxdur. İyun ayında maksimal temperatur 28 dərəcə olur. Təhsil müəssisələrində kondisionerə belə ehtiyac yoxdur. Amma biz hər şeyi onlardan götürək deyərkən, öz reallıqlarımızı unutmamalıyıq. Onlar iki ən vacib dini bayramlarında Milad və pasxada 2-3 həftə tətil verirlər. Bu keçiddə İngiltərədə il boyu məktəb tətilləri qeyd olunur 1. Milad bayramı – 15 gün 2. Fevralda tətil – 5 gün 3. Pasxa bayramı – 19 gün 4. May sonu – 5 gün 6. Yay tətili – 17 iyul – 5 sentyabr 7. Payız tətili (oktyabr) – 10 gün. Bizdə isə bu tətil günləri olduqca azdır. Amma bizdə bir çox ölkələrdən fərqli olaraq  VI gün dərs var. Bu isə 34 əlavə gün deməkdir (7 həftə). Deməli, tədris ilimiz 41 həftədir və bizdə onlardan çoxdur”.

Ekspert deyir ki, dərs həftələrinin artırılması təklifi qəbul edilməyəcək. Çünki yuxarıda qeyd etdiyim kimi, əslində bizdə daha çoxdur: “Sadəcə olaraq, bunu onlara elmi əsaslarla izah edən yoxdur. Azərbaycan məktəbi üçün ən uğurlu tədris ili 1 sentyabr tarixində başlayıb, 30 mayda bitməsi ola bilər. May ayının sonlarında orta məktəbdə dərslikdəki mövzular bitmiş olur. Şagirdlər iyun ayının 14-ə qədər boşuna getmiş olurlar. Biz şagirdləri yükləməməliyik”.

K. Əsədov deyir ki, bu problemin bir tərəfi də müəllimin tədris proqramını qurması ilə də bağlıdır:

“Hesab edirəm ki, bu düzgün yanaşma tərzi deyil. Məsələn, özəl orta məktəblər hətta aprel ayında tədris proqramlarını başa vururlar. Bununla bərabər, 30 aprel tarixli ali məktəblərə qəbul imtahanlarında 10 nəfər maksimum nəticə – 700 bal toplayıb. Onlar tədris ili başa çatmamış tam proqrama necə cavab verib? 2 mindən çox abituriyent 600 baldan yuxarı nəticə əldə edib. Bu onu göstərir ki, tədris proqramı may ayının sonlarında başa çatır. Xoşagəlməz hal odur ki, bir sıra məktəblərdə may ayının 20-dən sonra şagirdlərə verilmiş dərslikləri yığırlar. Bu da ciddi şəkildə təhsilə təsir göstərir”.

İlahə