Tərtərli gənclər həqiqi hərbi xidmətə yola salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 5-də Tərtər rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə təntənəli mərasim keçirildi.  İyulun 5-də Tərtər rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə təntənəli mərasim keçirildi. 

Çağırışçılar ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmiş, sonra mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış olmuşlar. Sonra mərasim Mərkəzi meydanda davam etmişdir.
Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının yerli qurumlarının rəhbərlərinin, ziyalıların, veteranların, valideynlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri  giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Ruslan Quliyev vətəni qorumağın hər bir gəncin borcu olduğunu vurğulamış və çağırışçılara xidmətdə uğurlar arzulamışdır.
Sonra şəhid atası Bəhruz İsgəndərov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, “Azərbaycan bayrağı” ordenli Nizami Heydərov, əsgər atası Sahib Həsənov, çağırışçı gənc Kamran Abbaslı, Tərtər şəhər Cümə məscidinin Axundu Sadiq Cəfərov çıxış edərək öz ürək sözlərini bildirmişlər.
Valideynlər övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını bildirmişlər.


 
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  gəncləri salamlayaraq, onların valideynlərinə gözaydınlığı verdi. Rayon rəhbəri aprel ayında ermənilərin törətdiyi silahlı təxribatdan, torpaqlarımızın müdafiəsi uğrunda həlak olan şəhidlərdən, ordu və xalq birliyindən danışdı. O, ordu quruculuğundan, ölkə rəhbəri tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan, 48 km təmas xətti olan Tərtər rayonunun ön cəbhədə yerləşən kəndlərində aparılan tikinti-abadlıq işlərindən, onların sosial problemlərinin həllindən, şəhid ailələrinə, müharibə veteranları və əlillərə göstərilən qayğıdan, şəhidlərin adlarının əbədiləşdirilməsindən danışdı. Bildirdi  ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olmuşdur. Bu gün Azərbaycanın təhlükəsizliyini sayıqlıqla müdafiə edən müasir və güclü ordusu var. Ordu quruculuğu sahəsində görülən işlər, ölkəmizin hərbi qüdrətinin yüksələn xətt üzrə inkişaf etməsi Silahlı Qüvvələrimizin istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu göstərir.
Ötən ilin aprel ayında ermənilərin törətdikləri silahlı təxribatdan  sonra respublika prezidentinin Birinci vitse-prezidentlə ilə birgə rayonumuza 2 dəfə səfəri, onun rayon ərazisində yerləşən hərbi hissədə əsgər və zabit heyəti ilə görüşü, Tərtər şəhərində, düşmənin 200 metrliyində təmas xəttində yerləşən Qapanlı kəndində dağılmış evlərə baxış, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirməsi rayonumuzun sakinlərinin əhval ruhiyyəsini, ölkə rəhbərinə-Ali Baş Komandana inamını daha da artırmışdır. Tərtərlilər bir daha rayonumuza, onun sakinlərinə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğının şahidi olmuş, bir daha əmin olmuşlar ki, Ali Baş Komandan öz dediyi kimi hər bir vətəndaşın prezidentidir.

Səfərdən sonra möhtərəm Prezidentimiz müharibənin rayona vurduğu zərərin aradan qaldırılması üçün prezidentin ehtiyat fondundan 3 milyon manat pul ayırmışdır.  

Dekabr ayının əvvəlində isə Ali Baş Komandan Birinci vitse-prezidentlə birgə yenidən rayonumuzda olmuş, erməni təxribatçılarının atəşi nəticəsində dağılmış evlərin bərpadan sonrakı vəziyyəti ilə tanış olmuş, Tərtərə içməli su xəttinin çəkilişinin, rayonun Sarıcalı və Zolgəran kəndləri arasında Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün, uşaq-gənclər şahmat məktəbinin, YAP Tərtər Rayon Təşkilatının inzibati binasının, 100 yerlik körpələr evi-uşaq bağçasının açılışlarında iştirak etdi. Tərtər və tərtərlilər, rayonun sosial-iqtisadi inkişafı haqqında xoş sözlər dedi: “…Keçən dəfə biz may ayında görüşdük. Mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada- döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir”.
Müstəqim Məmmədov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdıraraq, çağırışçılara vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin tapşırıqlarını səylə yerinə yetirməyi tövsiyə etmişdir.
Sonra çağırışçı gənclər müqəddəs Qurani-Kərimin altından keçərək, Azərbaycan bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşmüşlər.