backend

Tərtərdə tikinti-quruculuq işləri davam etdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” barədə rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.  

“2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” barədə rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib. 



Tədbir iştirakçıları öncə Ulu Öndərin xatirəsini yad edərək, abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının sərgisinə baxmışlar.

Tədbir mədəniyyət mərkəzin zalında davam etdirilmişdir. əvvəlcə rayonun sosial-iqtisadi inkişafını əks etdirən videoçarx nümayiş olunmuşdur. Sonra hesabat yığıncağı öz işinə başlamışdır.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hesabat məruzəsilə çıxış etmişdir. O, qeyd etmişdir ki, ötən ilin aprel ayında düşmənin artilleriya zərbələri nəticəsində Tərtər şəhərində və kəndlərdə 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, qaz, su və elektrik təsərrüfatına ciddi ziyan dəyib, 3 nəfər mülki vətəndaş həlak olub. Dövlətimizin başçısı həmin günlərdə cəbhə bölgəsinə səfər edib, düşmənin atəşi nəticəsində dağılan evə baxış keçirib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Səfərdən sonra isə mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam imzalanıb. Sərəncama əsasən zərər çəkmiş 1 ev yenidən tikilib, 8 ev bərpa edilib, 18 ev əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.


Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı dekabr ayının 3-də rayona növbəti səfəri zamanı Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün, Tərtər şəhərində inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin, 100 yerlik körpələr evi-uşaq bağçasının, Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının açılışında, “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə iştirak edib, ötən ilin aprelində düşmənin atəşi nəticəsində ziyan dəymiş evlərin tikinti, bərpa və təmir işləri ilə tanış olub.


Məlumat verilib ki, 2016-cı ildə Kənd Təsərrüfatı İdarəsi üçün inzibati bina tikilərək istifadəyə verilib, Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 7 ədəd çoxmərtəbəli yaşayış binasının fasad hissəsi və giriş blokları suvanaraq rənglənib. H.Əliyev prospekti, F.Qulami, Ş.Qurbanov M.Mahmudov, V.Hüseynov, F.Əmirov, R.Mürsəlov, M.Əsədov, Nizami, V.Həsənov, Şah İsmayıl Xətai, E.Hüseynov küçələri afaltlanıb. Rayonun 9 kəndi təbii qazla təmin olunub. Ev təsərrüfatları üzrə qazlaşdırılma 97 faizə çatıb. Ekoloji tarazlığın qorunması məqsədilə 32 mindən çox müxtəlif növ ağac, 1 milyon 300 mindən çox həmişəyaşıl və gül kolları əkilib.

Hazırda tarix-diyarşünaslıq muzeyinin inşasında son tamamlama işləri aparılır, Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır. Şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri, Seydimli kənd tam orta məktəbi üçün yardımçı binaların tikintisi davam etdirilir. 


Yığıncaqda rayonun sosial-iqtisadi inkişafına dair statistik göstəricilərə də nəzər salınıb. Bildirilib ki, 2015-ci illə müqayisədə 2016-cı ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 46,4 faiz, əhalinin gəlirləri 7,6 faiz, kənd təsərrüfatı məhsulunun həcmi 8,2 faiz, sənaye məhsularının həcmi 29,3 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 0,8 faiz artıb. Bu dövrdə 11 milyon 885,1 min manat dəyərində əsas fondlar istifadəyə verilib, əsas kapitala 77 milyon 699,9 min manat investisiya yönəldilib.


Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının, o cümlədən pambıqçılığın, baramaçılığın və bağçılığın inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi barədə verdiyi tapşırıqların icrası istiqamətində rayonda bir sıra tədbirlər görülüb. Ötən il 2332 ton pambıq, 29 min 586 ton buğda, 56 min 872,1 ton şəkər çuğunduru istehsal edilib. 12,1 hektarda fındıq, 24,4 hektarda xurma, 10 hektarda digər meyvə bağları salınıb. Baramaçılığın inkişafını təmin etmək üçün 3 hektar sahədə 32 min ədəd çəkil tingi əkilib.


Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həlli yollarından və qarşıda duran vəzifələrdən danışılıb. 


Bildirilib ki, 2017-ci ildə 3 min hektarda pambıq, 2 min hektarda şəkər çuğunduru əkilməsi və 4 ton barama istehsal edilməsi, İncəçay üzərində yeni körpünün tikilməsi, Tərtər-Goranboy magistral yolunun və şəhərin küçələrinin asfaltlanması, dövlətimizin başçısının Sərəncamı ilə Tərtər şəhərində 24 çoxmənzilli binanın əsaslı təmiri qarşıda duran əsas vəzifələrdir.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Rayon polis şöbəsinin rəisi Rauf Məcidov, Kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayev, Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Subartezian quyularının istismarı idarəsinin rəisi Əli Əliyev, Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov çıxış etmişlər.

Yığıncaqda Prezident Administirasiyasının məsul işçisi Arif Novruzov və Milli Məcilisin deputatı Sahib Alıyev də çıxış  edərək, öz tövsiyələrini vermişlər.

Tədbirin sonunda rayonda kənd təsərrüfatı məhsullarının istehsalında göstərdikləri səmərəli fəaliyyətə görə Köçərli kənd sakini Nuğay Allahverdiyev və Hüsənli kənd sakini Miri Rzayev rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.