Aprelin 18-də Tərtər şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Qarabağ Regional Bilik Evinin açılışı olub. Aprelin 18-də Tərtər şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Qarabağ Regional Bilik Evinin açılışı olub.
Açılış mərasimində iştirak edən rayon İcra Hakimiyyətinin, Bilik Fondunun əməkdaşları, ictimaiyyət nümayəndələri, bölgə ziyalıları Bilik Evində yaradılan şəraitlə tanış olublar. Bilik Evinə kitab və jurnallar hədiyyə edilib.
Açılış mərasimindən sonra Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının inzibati binasında ictimaiyyət nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib. Tədbirdə Qarabağ Regional Bilik Evinin gələcək fəaliyyətinin istiqamətləri müzakirə edilib, yerli sakinlərin təklifləri dinlənilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Regional Bilik evinin məhz Tərtər rayonunda və aprel döyüşlərinin ildönümündə açılması təşəbbüsünü irəli sürən Bilik Fondu rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, Bilik Evinin fəaliyyəti üçün hər bir şəraitin yaradılıb. Bu imkanlardan yararlanaraq, Qarabağ bölgəsində geniş maarifləndirmə işləri həyata keçiriləcək. Tərtər rayonunun cəbhə bölgəsində yerləşdiyini xatırladan M.Məmmədov düşmən üzərində tam qələbə qazanmaq yolunun təkcə silahlı mübarizədən deyil, həm də elmdən keçdiyini diqqətə çatdırıb.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov regional Bilik Evinin açılışı münasibətilə iştirakçıları təbrik edib, bu evin insan kapitalının formalaşmasına mühüm töhfə verəcəyini vurğulayıb. Fondun təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrdə Bilik Evlərinin fəaliyyət göstərdiyini xatırladan icraçı direktor əhalinin maarifləndirilməsində bu evlərin böyük rol oynadığını deyib. Bildirib ki, Qarabağ Regional Bilik evi fəaliyyətini məhz əhalinin təklifləri üzərində quracaq və layihələrində bölgənin spesifikası xüsusi ilə nəzərə alınacaq.
Dəyirmi masada çıxış edən Tərtər rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev Bilik Fondunun maarifçilik istiqamətində fəaliyyətini yüksək dəyərləndirərək, Bilik Evlərinin həm də əhalidə mütaliə mədəniyyətinin inkişafına istiqamət verəcəyini diqqətə çatdırıb.
Proqrama uyğun olaraq, Tərtər Heydər Əliyev Mərkəzində Bilik Fondu ilə Mərkəz arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanıb. Fondun icraçı direktoru Oqtay Səmədov və mərkəzin direktoru Səlimə Yusifovanın imzaladıqları Niyyət Protokolunda bölgə əhalisinin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə maarifləndirilməsi, dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, banisi olduğu azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi və dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkili və həyata keçirilməsi nəzərdə tutulur.
Bilik Fondunun təmsilçiləri Tərtər Cümə məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə olunub. Axund Sadiq Cəfərov Fondun həyata keçirdiyi “Məscid kitabxanası” layihəsini yüksək qiymətləndirərək insanların bütün sahələrdə maariflənməsinin ümumi inkişafa böyük töhfə verdiyini vurğulayıb.
Bilik Fondunun nümayəndələri həmin gün Tərtər rayon ərazisindəki “N” saylı hərbi hissədə də olublar. Əsgərlərlə birgə şam yeməyindən sonra “Qardaşlaşmış məktəblər” layihəsi iştirakçılarının ünvanladıqları məktublar əsgərlərə çatdırılıb. Əsgərlər də öz növbəsində məktublara cavab yazıblar. Bilik Fondunun “İl boyu bilik” proqramı çərçivəsində əsgərlərə kitablar hədiyyə olunub.