Tərtər rayonunda çiyid səpininə başlanılıb.
Tərtər rayonunda çiyid səpininə başlanılıb.
Cari mövsümdə rayonda 3000 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
İlk olaraq səpinə Azad Qaraqoyunlu, Qaynaq, Əskipara kəndlərinin ərazilərində start verilib. Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Rayonda səpinə 22 səpin aqreqatı cəlb olunub və səpin işlərinin 15-20 gün müddətinə başa çatdırılacağı planlaşdırılır.
Səpin işlərinin gedişi ilə tanış olan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov fermerlərə tövsiyələrini verib.
Qeyd edək ki, 2016-cı ildə Tərtər rayonunda 1035 hektar sahədə pambıq becərilib və hər hektardan 22,5 sentner olmaqla, 2334 ton məhsul tədarük edilib.