“Tərtər işi”nə görə tutulanlar susmağı seçdi – Məhkəmədə insidentbackend

“Tərtər işi”nə görə tutulanlar susmağı seçdi – Məhkəmədə insident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tərtər işi” üzrə məhkəmə araşdırması başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan edilib.

İşin məhkəməsi bir neçə qrup üzrə aparılır. Bu gün keçirilən prosesdə 4 hərbçi – Tərtərdə N saylı hərbi hissənin komandiri olmuş Vüsal Ələsgərov, həmin hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, kəşfiyyatçılar – Ramil Qarayev və Rüstəm Ələsgərov təqsirli bilinir. İş üzrə 194 zərərçəkmiş tanınıb.

Dövlət ittihamçısı Orxan Məmmədov bildirib ki, qeyd olunan şəxslər həmin dövrdə korpus komandirinin müavini olmuş Fuad Ağayevin göstərişləri və kəşfiyyat bölüyünün hərbçiləri ilə birlikdə 1 may – 2 iyul (2017) tarixləri arasında Tərtərdə ön cəbhədə düşmənlə əməkdaşlıq və vətənə xəyanət etdikləri görüntüsünü yaradaraq bir qrup hərbçini qanunsuz sorğu-suala çəkib, onlara işgəncələr veriblər. Həqiqətə uyğun olmayan ifadələr vermələri üçün müxtəlif avadanlıqlardan istifadə edərək fiziki və psixoloji zor göstəriblər. İttihama görə, işgəncələr Tərtərdəki N saylı hərbi hissənin tərkibindəki inzibati binada, Bakı və Bərdə qarnizonlarının hauptvaxtlarında (hərbçilərin cəza məqsədilə saxlanıldığı təxridxana), Ağcəbədidə Sarıcalar kəndində və Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında verilib. İşgəncələrin mahiyyəti sorğu-sual edilən hərbçiləri qidadan məhrum etmək, qanunsuz saxlamaq, bədənləri üzərində xüsusi vasitələrlə ləyaqəti alçaldan hərəkətlər etmək olub. Nəticədə onlar fiziki və psixi sağlamlıqlarını itiriblər, cəmiyyətdən təcrid olunublar.

İttiham üzrə 4 nəfərin heç biri özünü təqsirli bilməyib.

Daha sonra ifadə verməsi üçün Vüsal Ələsgərova söz verilib: “Mən 30 il zabit olmuşam, iki müharibə görmüşəm. Mənim kimi təcrübəli bir zabit bu cür böyük işi özbaşına görə bilməzdi. Mən tək bir şey deyəcəyəm və məhkəmənin sonuna qədər heç vaxt ifadə verməyəcəyəm. Tərtər hadisələrində yuxarı komandanlığın verdiyi göstərişləri icra etmişəm”.

O, ifadə verməkdən imtina etdiyi üçün istintaqa verdiyi ifadə elan olunub. Bu zaman məlum olub ki, Vüsal Ələsgərov 2017-ci ilin martından sentyabrına kimi Tərtər işgəncələrinin baş verdiyi hərbi hissənin komandiri olub. Daha sonra o, 3-cü ordu korpusu komandirinin müavini təyin olunub. 2018-ci ildə ehtiyata buraxılan V.Ələsgərov 2020-ci ildə Vətən müharibəsi başlayan zaman könüllü olaraq orduya qayıdıb və hərbi hissə komandiri kimi müharibədə olub. 2021-ci ilin aprelində yenidən ehtiyata buraxılıb.

İstintaqa verdiyi ifadədə Vüsal Ələsgərov hərbi hissədə və postlarda olarkən bir sıra hərbçilərin intizamsızlığını gördüyünü bildirib: “Onların düşmən qüvvələri ilə əməkdaşlıq etdiyindən şübhələndim. Bu barədə Hikmət Həsənova (ovaxtkı korpus komandiri) məlumat verdim. Həmin ərəfədə Hikmət Həsənov və baş qərargah rəisi (red: Nəcməddin Sadıkovu nəzərdə tutur) iclas keçirdi. Nəcməddin Sadıkov görüşə onlayn qoşulmuşdu. Onlar ön xətdə düşmən qüvvələri ilə əməkdaşlıq edən şəxslərin müəyyən edilməsini tələb etdi. Hikmət Həsənov tapşırdı ki, düşmən postuna gedən cığırları, onlara rabitə məlumatlarını ötürən şəxsləri tapaq. O şübhəli şəxsləri əlləri və gözləri bağlı şəkildə göndərməyi bildirdi. Bəzən elə olurdu ki, Fuad Ağayev Hikmət Həsənovun adından göstərişlər verirdi. Mən də şübhəli şəxsləri deyilən formada, deyilən yerə göndərirdim. Amma mən tapşırırdım ki, orada yalnız şifahi formada sorğu-sual olunsun. Həmin yer N saylı hərbi hissənin köhnə inzibati binası idi. Mən ora gedəndə bağırtı səsləri eşidirdim.

Vüsal Ələsgərov ifadəsinin elanından sonra deyib ki, ona əmr verən şəxslər və Nəcməddin Sadıkov məhkəməyə çağırılıb araşdırılmalıdır.

Daha sonra zərərçəkmişlər ona sual vermək istəyiblər. Hakim Zeynal Ağayev bildirib ki, Vüsal Ələsgərov suallara cavab vermək istəmir. Ona görə də, hazırda heç kim ona və məhkəməyə sual verə bilməz. Bu məqamda zalda ciddi etiraz yaranıb. Hakimin qərarına etiraz olaraq zərərçəkmişlərin bir qrupu zalda etirazlar səsləndirib. Hakim məhkəmənin gedişinə mane olan şəxsləri zaldan kənarlaşdırıb.

Daha sonra Rəşid Niftəliyev və Ramil Qarayevə ifadə verməsi təklif olunub. Onlar ifadə verməkdən imtina ediblər. Buna görə də, onların ifadələri elan edilmiş hesab olunub.

Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.

Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə itiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alaraq azadlığa çıxıb. Bir neçəsinə isə ölümündən sonra bəraət verilib.

Məhkəmə prosesi aprelin 4-də davam etdiriləcək.