“TEREZA MEY PLANLARINI HƏYATA KEÇİRƏ BİLƏCƏKMİ?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük Britaniyadakı parlament seçkilərinin nəticələrini baş nazir Tereza Mey üçün məğlubiyyətə bərabər qələbə – Pirr zəfəri kimi qiymətləndirmək olar. 

“Böyük Britaniyadakı parlament seçkilərinin nəticələrini baş nazir Tereza Mey üçün məğlubiyyətə bərabər qələbə – Pirr zəfəri kimi qiymətləndirmək olar.

Bu sözləri TİA.AZa Böyük Britaniyada keçirilən seçkilərə münasibət bildirərkən politoloq Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, onun liderlik etdiyi Mühafizəkarlar Partiyası birinci olsa da, İcmalar Palatasında malik olduğu çoxluğu itirdi:

“Palata 650 yerdən ibarətdir. Mühafizəkarlar 318 mandat qazana bildilər, halbuki köhnə tərkibdə bu partiya təkbaşına hökumət formalaşdırmağa imkan verən 330 yerə malik idi. Tereza Meyin planları baş tutmadı. Tereza Mey güclü olduğu bir dönəmdə seçkilərə gedərək, parlaq qələbə qazanmaq niyyətində idi. Açıq qələbə ona imkan verəcəkdi ki, parlamentdə və bütövlükdə ölkədə mövqelərini gücləndirsin. 

Tereza Mey Devid Kemeronun istefasından sonra partiya liderliyi və baş nazir vəzifəsində onu əvəz etmişdi. Lakin onun düşüncəsi seçkilər yolu ilə bilavasitə xalqdan mandat almaq idi. Bu, eyni zamanda Avropa Birliyi ilə çətin “Brexit” danışıqları ərəfəsində baş nazirin mövqelərini gücləndirəcəkdi. Tereza Mey hesab edirdi ki, parlamentdə 330 yer onun özünü inamlı hiss etməsinə imkan vermir, çünki səs çoxluğu üçün azı 326 səs lazımdır və bu miqdardan cəmi 4 ədəd çox mandata malik olmaq riskli durum yaradır. Onun planı belə idi ki, seçkilər vasitəsilə 330-dan xeyli çox mandat əldə etsin və bununla da Avropa Birliyi ilə masaya güclənmiş şəkildə oturaraq, Britaniya üçün əlverişli şərtlərlə ayrılığa nail olsun. Növbədənkənar seçki qərarı verilərkən mühafizəkarlar və onların ənənəvi rəqibi leyboristlər arasında birincilərin xeyrinə 20 faiz fərq var idi. Zaman ötdükcə bu fərq azaldı. Buna ölkədə ardıcıl baş verən terror aktları da öz təsirini göstərdi”.

Politoloq hesab edir ki, təhlükəsizlik sahəsində yaranmış problemlər cəmiyyətdə mühafizəkar hökumətə olan inamı bir qədər zədələdi:

“Digər tərəfdən, leyboristlərin lideri Ceremi Korbin yaxşı kampaniya apardı və gözləniləndən yüksək nəticələr əldə etdi. Leyboristlər parlamentdə yerlərini artıraraq (əlavə 32 mandat) seçkinin real qalibi oldular. İndi Tereza Mey koalisiya hökuməti qurmağa məcburdur. Artıq o, tərəfdaş da tapıb. Mühafizəkarlar seçkidə 10 yer əldə etmiş, Şimal İrlandiya Demokratik Yunionist Partiyası ilə koalisiya quracaq. Beləliklə, koalisiya İcmalar Palatasında 328 yerə sahib olacaq. Lakin yeni hökumət nə dərəcədə stabil, güclü və uzunmüddətli olacaq? Tereza Mey planlarını həyata keçirə biləcəkmi? İrlandiyalılar mühafizəkarların bütün planlarına, qanunvericilik təşəbbüslərinə hə deyəcəkmi? Bu suallar açıq qalır. Aydın olan budur ki, indi Tereza Mey 8 iyuna qədər olan Tereza Meydən daha zəif baş nazirdir. O, leyboristlərin simasında əvvəlkindən daha güclü müxalifətlə üz-üzə qalacaq və AB ilə danışıqlara zəifləmiş şəkildə oturacaq”.

İlahə Cəfərli