“Bundan sonra Qarabağda qurban gedən hər bir əsgərə görə parlamentdəki siyasi qüvvələr məsuliyyət daşıyır”. “Bundan sonra Qarabağda qurban gedən hər bir əsgərə görə parlamentdəki siyasi qüvvələr məsuliyyət daşıyır”.
Bu barədə aprelin 2-də keçirilən parlament seçkilərində məğlub olan “Erməni milli konqresi”nin lideri Levon Ter-Petrosyan seçkilərin nəticələri haqda danışarkən deyib.
Onun sözlərinə görə, parlamentdə təmsil olunan Respublika Partiyası, “Çiçəklənən Ermənistan”, Daşnaksütyun partiyaları və “Çıxış” bloku Ermənistan iqtisadiyyatını inkişaf etdirməyə, çoxmilyardlı investisiyaların axınını təmin etməyə, erməni ordusunu möhkəmləndirməyə, miqrasiyanın qarşısını kəsməyə və ən vacibi, Qarabağ münaqişəsini həll etməyə borcludur:
“Bu gün sülh lazımdır. Yeni faciə və qurbanlar lazım deyil. Bundan sonra hər bir əsgərin axan qanına görə parlamentdəki siyasi güclər məsuliyyət daşıyacaq”.
Ter-Petrosyan qeyd edib ki, Ermənistanda bir neçə ailə milli sərvəti qanunsuz yolla mənimsəyib: “Xalq ehtiyac içindədir. Bunun fonunda seçkinin nəticəsinin başqa cür olacağını gözləmək siyasi savadsızlıq olardı”.
O, əlavə edib ki, Qarabağ münaqişəsinin “sülh, barışıq, mehribanlıq” şüarı çərçivəsində həllinin tərəfdarlarının sayı çoxalır.
“Ermənistanda münaqişənin həllini istəyən ictimai hərəkat yarandı. Bu hərəkat getdikcə daha da böyüyəcək”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni milli konqresi” seçkiyə “sülh, barışıq, mehribanlıq” şüarı ilə qatılmışdı. Ermənistanın birinci prezidenti hesab edir ki, nə qədər gec deyil, ərazilər qaytarılmalı və Qarabağ münaqişəsi həll edilməlidir: “Əraziləri könüllü qaytarmasaq, onu bizdən sanksiyalarla alacaqlar. Ermənistanın gələcəyi üçün bu addımı atmalıyıq. Sonrakı nəticələr daha dəhşətli olacaq”. (publika.az)