Almaniyada ixtisaslı kadr çatışmazlığı var. Problemi həll etmək üçün hökumət 63 yaşında pensiyaya çıxanların “mini iş” vasitəsilə yenidən məşğulluq bazarına çıxarılmasını təklif edib.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, bu insanlara öz ixtisas sahələrində 35 saat əvəzinə 10-15 saat işləməyə imkan verəcək çevik model nəzərdə tutulur.
Maliyyə naziri Kristian Lindner deyib ki, “Almaniyada nəzəri olaraq iş bazarında iştirak edə bilən milyonlarla insan sosial yardımla yaşayır. Biz bu insanları mini-iş yerləri vasitəsilə yenidən aktivləşdirib əmək bazarına çıxarmaqla ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına öz töhfəmizi verə bilərik”.
Almaniyada pensiya yaşının aşağı salınmasını təklif edənləri “ölkə iqtisadiyyatını alt-üst etmək və rifahı məhv etmək istəmək”lə ittiham edən Lindner Almaniyada bəzi həmkarlar ittifaqlarının həftədə 4 gün işləmək təkliflərini də tənqid edib.
O, əlavə edib ki, “İxtisaslı kadr çatışmazlığı hiss etdiyimiz, xaricdən ixtisaslı kadrların gətirilməsi üçün böyük səylər göstərdiyimiz bir vaxtda belə bir təklifin irəli sürülməsi tamamilə absurddur. Standartlarımızı qorumaq üçün bizə az deyil, daha çox iş lazımdır”.