Son illər internet üzərindən yayımlanan kanalların sayı artıb. Hər gün bir yenisi yaranan saytlar, sosial şəbəkə üzərindən gerçəkləşən media layihələri, canlı müsahibələr də çoxalmaqda davam edir.
İnsanlar üçün informasiya kanallarının sayı hər nə qədər artsa da, televiziyaya baxmaq ənənəsi yox olmayıb. Xüsusən də Azərbaycanda insanlar üçün yerli kanallar hələ də öz populyarlığını itirməyib. Orta yaşlı insanların üstünlük təşkil etdiyi kontingent televiziyalardan vaz keçmir.
Bəzən bir neçə ay əvvəl hansısa verilişə çıxan eksperti insanlar aylar sonra belə həmin verilişlə xatırlayır. Azərbaycanda populyarlığın göstəricisi, eləcə də hərəkətvericisi televiziya ekranlarına çıxmaqdır.
Onlar yerli kanallardakı tok-şoulardan xəbərdardır, şou biznes xəbərlərini, yerli serialları izləyir və xəbərləri bir qayda olaraq televiziyadan alırlar. Bu isə istər-istəməz sual yaradır: televiziyanın vazkeçilməzliyi nədədir? Bu qədər alternativlərin fonunda Azərbaycan insanı üçün televiziyaların hələ də cazibədarlığını qoruyub saxlamasının səbəbi nədir?
Media eksperti Rəşid Hacılı hesab edir ki, bu durum mədəni, texniki və psixoloji amillərin məcmusudur. Onun dediyinə görə, hər evdə evin bəzəklərindən olan TV aparatı var və bu aparatlarda nəyisə izləmək kompüter, ya da telefon ekranından izləməkdən daha rahatdır: “İnternet üzərindən yayılan məzmunun televiziya aparatında izlənməsi imkanı hər aparatda yoxdur. Hər evdə internet də yoxdur. Ya da zəifdir. Üstəlik, internet üzərindən yayılan və Azərbaycanla bağlı sistemli, ciddi mövzu və məzmun dolu proqramlar və kanallar yoxdur. Fraqmentar, qeyri-ardıcıldır. Olsa belə, hökumət onları blokladığından, adi adamların bu blokları aşıb onlara baxmaq imkanı yox”.
R.Hacılı hesab edir ki, məhz bu səbəblərdən insanlar ənənəvi kanallara baxırlar: “Tənqid edə-edə, bəyənməyə-bəyənməyə yerli kanalları izləmələrinin səbəbi isə seçimin yox kimi olmasıdır”.
Psixoloqlar isə insanların televiziya izləməsinin arxasında ilginc səbəblər olduğunu iddia edirlər. Bu səbəblərdən birincisi – “hər kəsin etdiyi şeyi etmək” instinktidir. Burada məqsəd dostlarımızın izlədiyi və haqqında danışdığı veriliş, serial, filmləri qaçırmamaqdır.
Növbə ilə digər səbəblərə keçək:
Gün ərzində hardasa bütün enerjimizi verdiyimiz bir işdə çalışandan sonra istirahət etmə ehtiyacına girdiyimiz, amma nələrsə izləmədən sadəcə, oturmaq çətin gəlir. Çünki sakitcə oturduğun zaman zehnindən gələn düşüncələri fərq etmiş olursan, onlardan qaçma ehtiyacı yaranır. Zehninizdəki düşüncə səslərindən qorxmanıza, onlardan qaçmanıza gərək yoxdur.
Bağçasız evlərdə, dörd divar arasına qapadılan uşaqların canlı, həyəcanlı enerjisini azaltmaq, sakitləşdirmək üçün.
“Arxada bir səs olsun” düşüncəsi ilə televiziya izləyənlərimiz var. Səhər yuxudan qalxan kimi televizor açanlarınız var. Halbuki, psixoloqlar səssizlikdən, zehnimizdəki düşüncə səslərindən qorxmağa, qaçmağa gərək olmadığını deyirlər.
“Tək başına yemək yeməyi sevmirəm” düşüncəsinə inanıb, təkbaşına yemək yeyəndə televizoru açanlar var. Halbuki bədən yeməyin dadını çıxarmalıdır. Elmi araşdırmalar sübut edib ki, təkbaşına yemək yeyəndə insan səssiz olur və bu halda yemək daha doyurucu hala gəlir.
Kiçik yaşlarda evdə TV-yə baxmasına icazə verilməyən şəxslər öz evləri olanda TV izləmənin onları daha azad hiss etdirdiyi qənaətindədir.
Bütün gün kompüterin qabağında, əlində telefonla gün keçirənlər üçün günün sonunda televizora baxmaq bir qədər rahatlıq gətirir. Çünki televizor ekranı böyükdür və insanın gözünü nisbətən az yorur.
Dil öyrənmək, bəzi yeni məlumatları izləmək istəyənlər, eləcə də sənədli film həvəskarları üçün televiziya çox praktik variantlardan biridir.
Sevinc TELMANQIZI,
“Yeni Müsavat”