“Bu gün dərman maddələrinin satışı çox sərbəst şəkildə həyata keçirilir. Haçan şahidi olmusunuz ki, televiziyalarımızda bu cür dərmanlarla bağlı insanlara maarifləndirici məlumat verilsin?”
Bunu Moderator.az-a açıqlamasında professor Adil Qeybulla Azad İstehlakçılar Birliyinə təqdim olunan cinsi istəyi artıran keyfiyyətsiz dərmanlar haqda danışarkən deyib. Professorun sözlərinə görə dərman şəbəkəsində hələ də özbaşınalıq höküm sürür:
“Dərmanların keyfiyyət problemini ictimailəşdirməzdən öncə yaxşı olardı ki, onlar ekspertizadan keçirilərdi. Hər halda istənilən dərman texniki standarta uyğun gəlmirsə, o dərman maddəsi saxta hesab edilir. Bununla yanaşı, onun həyat üçün də təhlükəli məqamları ola bilər. Bunu ölkəyə gətirən qurumlar var və Səhiyyə Nazirliyin strukturları var ki, onlara müraciət etmək lazımdır. Dərmanlarla bağlı şikayətlərin nə dərəcədə doğru olması təsdiq olunmamış qalır. Çünki qidalarla və dərmanlarla bağlı bu problemlər tez-tez qaldırılır, amma təsdiqini tapmalıdır. İndi cəmiyyətimizdə o qədər problem var ki, insanlar ən ciddi məsələləri bu gün görüb, sabah yaddan çıxarırlar. Ona görə də hesab edirəm ki, Azad İstehlakçılar Biriliyində bir çox dərmanların keyfiyyəti ilə bağlı şikayət daxil olubsa, onlar bunu elmi cəhətdən əsaslandırmalıdırlar.
Ümumiyyətlə, dərman vasitələrinin aptek şəbəkələrindən reseptsiz satışı qadağan edilməlidir. Bunu dəfələrlə demişik. Xarici ölkələrdə “aspirin”, “parasitamol” və “Hibobroxen” dərmanları aptek şəbəkəsindən kənarda satılır, çünki bu dərmanları həkim yazanda və ya insan özü qəbul edəndə problem olmur. Amma qalan bütün dərmanların hər biri aptek şəbəkəsində reseptlə satılmalıdır. Bu, həm təhlükəsizlik, həm də onların qeydiyyatı baxımından faydaılıdır. Bu gün dərman maddələrinin satışı çox sərbəst şəkildə həyata keçirilir. Haçan şahidi olmusunuz ki, televiziyalarımızda bu cür dərmanlarla bağlı insanlara maarifləndirici məlumat verilsin. Halbuki televiziya ekralarında həkimlərin və dərmanların mənasız reklamlarının şahidiyik. Bunlara qarşı çıxmaq lazımdır. Amma sanki cəmiyyətin müqavimət imkanları tükənib. Dərman vasitəsi televiziya ekranlarında və kütləvi informasiya vasitələrində reklam oluna bilməz. Burdakı reklamlar da korporativ maraq məsədi güdür. Ona görə də hesab edirəm ki, bu məsələlərə kompleks yanaşmaq lazımdır. Bir daha qeyd edim ki, ölkədə dərman bazarı çox biabırçı durumdadır və dərmanları ölkəyə daşıyan qurumlar birbaşa buna məsuliyyət daşıyırlar”.