Son vaxtlar Çin istehsalı olan avtomobillər dünya bazarında populyarlaşmağa başlayıb. Azərbaycanda da bu avtomobillərə maraq göstərənlər var. Bununla yanaşı, Çindən gətirilən avtomobillərindən keyfiyyəti də şübhə doğurur və müzakirələrə səbəb olur.
Tribunainfo.az xəbər verir ki, aparıcı Turan İbrahimov Çin istehsalı olan avtomobillər haqqında maraqlı faktları açıqlayıb. Onun sözlərinə görə, bu avtomobilləri məşhurlaşdıran Çin şirkətlərinin uğurlu reklam siyasətidir:
“Ümumiyyətlə, sizə sual verim, Çin avtomobillərinin ikinci əl bazarı formalaşıb? Ya formalaşacaqmı? Doğrudan da ciddi suallardır. Təcrübə onu göstərir ki, Çin avtomobilləri sanki birdəfəlik buraxılır. Çin avtomobilləri buraxır, PR qurur, bütün bloqerlər, məşhurlar, televiziyalar, media vasitəsilə çoxlu təriflədir reklam büdcəsi hesabına. Bir müddətdən sonra məlum olur ki, neqativ rəyləri nəzərə alaraq eyni avtomobilləri markasını dəyişməklə və kiçik dəyişikliklər etməklə başqa adla satışa çıxarıblar. Bu, əslində, Çinin dünyaya lyuks, gözəl görünən, amma perspektivi olmayan avtomobil markası satmaq cəhdidir. Reklam o qədər yüksək səviyyədədir ki, insanlar aldanıb alırlar. Bahalı avtomobilləri yarı qiymətə alan insanlar da fikirləşirlər ki, bir az sürərik, sonrasına baxarıq”.
T.İbrahimov onu da deyib ki, bu avtomobillərin ikinci əl bazarı formalaşmayıb, formalaşacağı da sual altındadır:
“Ona görə də Çin avtomobilləri kənardan nə qədər keyfiyyətli görünsə də perspektivli deyil. Başqa problemlər də var. Bir avtomobilin özünü doğrultması üçün 10 il lazımdır, 10 ildən sonra məlum olur ki, bu marka özünü doğrultdu, ya yox. Bu baxımdan Çin istehsalı avtomobillərə keçmək istəyən insanlara deyirəm ki, tələsməyin, reklama aldanmayın. Məncə, özünü doğrultmuş Leksus, Mersedes, BMW, Toyota və digərləri qədər deyil Çin markaları. Bir müddətdən sonra bezib satmaq istəyəndə alıcı tapacaqsınızmı? Və ya tapsanız da daha ucuz qiymətə satmalı olacaqsınız. Çin nə qədər bacarır avtomobil istehsal edir və dünyaya səpələyir, kimə nə qədər sata bilirsə, satır”.