Teleqüllənin yaxınlığında yaşayan sakinlər köçürülür – VİDEO

Teleqüllənin yaxınlığında yaşayan sakinlər köçürülür – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı ətrafda yaşayan sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri təklif olunub.

Xezerxeber.az-ın məlumatına görə, bu qərar Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın bugünkü iclasında verilib.

İcra Hakimiyyətindən  verilən məlumata görə, sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb. Ancaq sakinlər istəklərinə uyğun olaraq, qohumları və yaxınlarının evlərinə də köçə bilərlər.

Həmçinin sürüşmənin qarşısını almaq üçün görülən işlər də gücləndirilib. Artıq ərazidəki sürüşmə zonasının aktivliyini ölçmək üçün respublika seysmoloji xidmət mərkəzi tərəfindən əraziyə xüsusi avadanlıqlar quraşdırılıb.

Hazırda ərazidə mütəmadi olaraq hesablamalar aparılır və gündəlik hesabatlar hazırlanır. Respublika Seysmoloji Xidmət Mərkəzinin böyük elmi işçisi Nadirşah Xanbabayevin sözlərinə görə, artıq 3 gündür seysmik vəziyyəti öyrənmək üçün əraziyə bütün avadanlıqlar quraşdırılıb.

Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsinin səbəb olduğu deyilir.

Aparılan monitorinqin nəticələri yaxın günlərdə hesabat formasında hazırlanacaq və bu hesabata uyğun olaraq aidiyyati dövlət qurumları zəruri tədbirlər görəcək.

TİA.AZ mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: