“Telegram” komandası Pavel Durovun Fransada saxlanılmasına ilk dəfə münasibət bildirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə messencerin rəsmi “Telegram” kanalında məlumat dərc olunub.
Məlumata görə, “Telegram”ın və ya onun sahibinin platformada sui-istifadələrə görə məsuliyyət daşıdığı barədə iddiaların absurd olduğu bildirilib.
““Telegram”ın baş direktoru Pavel Durovun gizlədə biləcəyi heç nə yoxdur, o, tez-tez Avropanı gəzir. “Telegram”ın və ya onun sahibinin platformada sui-istifadəyə görə məsuliyyət daşıdığını iddia etmək absurddur”, – məlumatda bildirilib.
Məlumatda həmçinin bildirilib ki, “Telegram” dezinformasiya və qeyri-qanuni məzmunla mübarizə üçün ciddi qaydalar təmin edən Rəqəmsal Xidmətlər Aktı daxil olmaqla, Aİ qanunlarına uyğundur.
““Telegram” Aİ qanunlarına, o cümlədən Rəqəmsal Xidmətlər Qanununa uyğundur – onun moderasiyası sektorun standartlarına cavab verir və daim təkmilləşdirilir”, – məlumatda qeyd edilib.
Komanda əlavə edib ki, messencer komandası mövcud vəziyyətin tezliklə həllini gözləyir.
Qeyd edək ki, avqustun 24-də Fransada “Telegram” sosial şəbəkəsinin yaradıcısı Pavel Durov həbs edilib. İş adamı yerli vaxtla 20:00 radələrində (Bakı vaxtı ilə 22:00) Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Durov Fransaya Azərbaycandan gəlib.
Fransa hakimiyyətinin “Telegram” və Durova qarşı əsas şikayəti messencerdə şifrələnmiş mesajlardır. Durov terror, narkotik ticarəti, dələduzluq və çirkli pulların yuyulması kimi ittihamlarla üzləşə bilər. Onu 20 ilə qədər həbs gözləyir.