Bir neçə gündür ki, sosial media və votsap vasitəsilə Ayın Yer kürəsinə çox yaxınlaşdığı üçün ötən gecə 00:30-dan 4:00-a qədər ciddi şüalanma olacağı ilə bağlı xəbərdarlıq mesajı yayılmışdı
Bir neçə gündür ki, sosial media və votsap vasitəsilə Ayın Yer kürəsinə çox yaxınlaşdığı üçün ötən gecə 00:30-dan 4:00-a qədər ciddi şüalanma olacağı ilə bağlı xəbərdarlıq mesajı yayılmışdı. Hansı mənbədən qaynaqlandığı bəlli olmayan məlumatda qeyd edilirdi ki, güclü şüalanmadan qaçmaq üçün 00:30-dan başlayaraq, saat 4:00-a qədər telefonları söndürmək məsləhətdir.
Telefonlara gələn bu “məsləhətlərlə” bağlı Axar.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu tip xəbərdarlıqlar adətən spam olur və daha təhlükəlidir:
“Sosial mediada, Votsapda dəfələrlə bu tip mesajlar yayılıb. Diqqət etmək lazımdır ki, bu mesajların mənbəyi göstərilmir. Məlum deyil ki, bu mesajları, məlumatları kimlər yayır, bu nə dərəcədə dayanıqlı və etibarlıdır. Göndərilən xəbərin qaynağı göstərilmirsə, hansı elmi mərkəzə aid araşdırma, hansı quruma aid məlumat olduğu məlum deyilsə, narahat olmağa dəyməz”.
O.Gündüzün sözlərin görə, mənbəyi olmayan məlumatlar adətən spam olur:
“Qaynağı olmayan bu tip məlumatlar adətən spam olur. Bu mesajları yaymaqda kimlərinsə müxtəlif məqsədləri ola bilər”.
Ekspertin sözlərinə görə, bu mesajların belə kütləvi şəkildə yayılmasının müxtəlif səbəbləri var:
“Telefonuna bele mesaj gələn şəxslər adətən xəbərdarlıq üçün bunu dostlarına və ailə üzvlərinə göndərirlər. Beləliklə, insanlar özləri də bilmədən təhlükəli mesajı kütləvi şəkildə paylayır. Bu, daha pisdir. Bu vasitə ilə spam və ya təhlükəli kod sizin məlumatlarınızı əldə etmək istəyən hansısa şəbəkənin hədəfinə çevrilir. Hər kəs belə məqamda daha diqqətli olmalıdır”.