Tələbələrin universitetlərə köçürülmə şərtləri AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 17-dən başlayaraq ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üçün elektron qaydada sənəd qəbuluna başlanılacaq.  

İyulun 17-dən başlayaraq ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi üçün elektron qaydada sənəd qəbuluna başlanılacaq. 

Qəbul avqustun 15-dək davam etdiriləcək.


TİA.AZ xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə aparılacaq: “Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsil alanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir”.

C.Valehov onu da vurğulayıb ki, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir: “Qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə müəyyənləşdirilmiş minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır”.

C.Valehovun sözlərinə görə, kəsiri olan tələbələr də bir universitetdən digər universitetə, yaxud bir ixtisasdan digər ixtisasa köçürülə bilər.

Bunun həm ali məktəblərə, həm də kolleclərə aid olduğunu deyən sektor müdiri qeyd edib ki, kəsiri olan tələbələr akademik borclarını köçürüldükləri universitetlərdə ödəyə bilərlər: “Ödənişli ixtisas üzrə təhsil alan tələbələr ödənişli ixtisasa, ödənişsiz ixtisas üzrə təhsil alan tələbələri isə yalnız ödənişsiz ixtisasa köçürülə bilər”.

Qeyd edək ki, ötən tədris ili üzrə 233 nəfər tələbə transfer.edu.az portalı vasitəsilə seçdikləri ali təhsil müəssisələrinə, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülüb.