Təhsildə heç bir kateqoriyadan olanlara güzəşt edilməməlidir – Ekspert

Təhsildə heç bir kateqoriyadan olanlara güzəşt edilməməlidir – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil eksperti Kamran Əsədov müəllimlərin işə qəbulu prosesindəki ədalətsiz və qeyri-bərabər yanaşmaları tənqid edib. O, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə sistemin özü-özünə ziddiyyət təşkil etdiyini bildirib.

Tribunainfo.az xəbər verir ki, Əsədov qeyd edib ki, biri illərlə imtahana hazırlaşır, 70-dən yuxarı bal toplayır, lakin işə qəbul olunmur. Digəri isə sadəcə müəyyən kateqoriyaya daxil olduğu üçün 40 balla məktəbə təyin edilir. Onun fikrincə, bu, sistemli və rəsmi şəkildə tətbiq edilən güzəşt mexanizmidir və təhsilin keyfiyyətinə zərbə vurur.

“Bəli, şəhid ailələri bizim baş tacımızdır. Onlara hər cür dəstək verilməlidir, amma bu dəstək təhsilin keyfiyyətinə mənfi təsir göstərməməlidir. Maaş, status, sosial təminatla dəstək mümkündür, amma az balla müəllim təyinatı nə pedaqoji, nə də mənəvi baxımdan qəbul edilə bilməz”, – deyə ekspert bildirib.

Əsədov ucqar kəndlərdə yaşayan namizədlərə tətbiq edilən bal artımına da toxunub. Onun sözlərinə görə, “əmsal”la keyfiyyət düzəlmir:

“O kəndin uşaqları niyə keyfiyyətsiz müəllimlə təhsil almalıdır? Əmsal riyaziyyat üçündür, pedaqogika üçün deyil!”

Ekspert bu ilki vakansiyalarla bağlı da ciddi suallar qaldırıb. O, minlərlə yüksək bal toplayan müəllimin kənarda qaldığını, vakansiyaların isə əvvəlcədən “süzülərək” seçildiyini iddia edib:

“5 min kəsilən müəllimin dərs saatları hara yoxa çıxıb? Boş yerlər necə oldu ki, buxarlandı?”

Əsədov fikrini belə yekunlaşdırıb:

“Əgər doğrudan da təhsildə güzəşt vətənə xəyanətdirsə, bu sistemin özündə xəyanət var. Təhsildə ədalət təkcə müəyyən kateqoriyalar üçün deyil, hamı üçün olmalıdır. Çünki bilik kimsəyə güzəşt etmir. Təhsil də etməməlidir”.

Gülşən Rəsul