TƏHSİL TƏLƏBƏ KREDİTİ NƏDİR?backend

TƏHSİL TƏLƏBƏ KREDİTİ NƏDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 16-dan etibarən ali məktəblərə ixtisas seçimi başlayıb. Bir çox hallarda seçim vərəqindəki ixtisasların sıralaması valideynin cibindəki pula görə nizamlanır. Nəzərə alsaq ki, Azərbaycanda təhsil haqları olduqca yüksəkdir, bu zaman valideynin ayağını yorğanına görə uzatmaqdan başqa çarəsi qalmır.
Ötən ildən etibarən tətbiqinə başlanılan təhsil tələbə krediti isə sözügedən mövzuda bir çoxlarının köməyinə çata bilər. Lakin prosesin tətbiqinin yeni olmasından dolayı bir çoxları hələ də sözügedən kredit barədə ətraflı məlumata sahib deyil.
Təhsil üzrə mütəxəssis Elvin Bədirov fonda müraciət qaydaları və ümumi proseslə bağlı əsas məqamlar haqqında TİA. Az-a danışıb.

“Təhsil tələbə krediti öz hesabına yəni hansısa bir himayədar olmadan ödənişli əsaslarla təhsil alan hər kəsin istifadə edəcəyi bir hüquqdur. Təhsilin əlçatanlığı, funksionallığı baxımından fondun yaranması mütərəqqi addımdır.


İlkin nizamnaməsi səksən milyon olan və əlavə investisiya cəlb edilə biləcək fondun ümumi fəaliyyəti nəticəsində hər il tələbələrə ayrılmış bəlli hədd üzrə kreditlərin verilməsi təmin ediləcək. Hazırda kreditin ilk olaraq hansı tələbələrə şamil olunacağı məsələsi gündəmdədir. Tutaq ki, tələbə indi ali təhsil müəssisəsinə qəbul oldu, qəbul olarkən bundan istifadə edə bilərmi? Fondun özünün müəyyənləşdirdiyi bəlli meyarlar var. Əgər tələbə ödənişli əsaslarla 200 balla deyil, 400 üzərində balla qəbul olacaqsa, onun ilkin balı kifayət edir ki, ödənişli əsaslarla oxusa belə fonda müraciət etsin və fond onun birinci semestrdən başlayaraq təhsil haqqını qarşılaya bilsin. Ancaq növbəti semestrlərdə tələbənin ümumi ortalama müvəffəqiyyət göstəricisi 71 balın üzərindədirsə, o, birinci semestrdən etibarən fonda müraciət edə bilər.. Burda nəzərdə tutulan amillərlər nələrdir? Tələbə krediti götürdüyü semestr ərzində nə qədər təhsil haqqı formalaşırsa, onların heç biri təhsil müddəti bitənə qədər ödənilmir. Əgər tələbə təhsili yuxarı təhsil pilləsində davam etdirərsə, yenə həmin təhsil illəri onun borclandığı pulu qaytarmağa aid edilmir. Nə zaman ki, tələbə işləməyə başlayır o zamandan borc qaytarılır. Qoyulan tələb isə budur ki, təhsil müddəti bitdikdən iki il keçəndən sonra şəxs aylıq çox kiçik və simvolik məbləğlər ödəyir. Əgər şəxsin ortalaması yüksəkdirsə, fonddan nə qədər məbləğ götürməsindən asılı olmayaraq götürdüyü məbləğin əlli faizi ona güzəşt ediləcək.
Müraciət elektron qaydada aparılır. Təhsil tələbə kreditinin (TTK) sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər.
Onu da qeyd edim ki, kredit tələbəyə birbaşa pul şəklində verilmir, onun oxuduğu universitetin hesabına semestrlərə görə köçürülür”.

Aytac

TİA. Az