Dosent İlham Əhmədov TKTA-nın rəhbəri Tural Əhmədovun qalmaqallı çıxışına münasibət bildirib.
Tribunainfo.az dosent İlham Əhmədovun yazısını təqdim edir:
“İmtahansız tələbə qəbulu aparan universitetin verdiyi təhsil keyfiyyətsizdirmi?
Bu ərəfədə TKTA-nin sədri Tural Əhmədovun “İmtahansız tələbə qəbulu aparan universitet özünə hörmət etmir” adlı telemüsahibəsini dinlədim.
Bu mövzuya dair təhsil nazirliyin 25 illik səhv mövqeyi barədə fikrimizi bildirmək istəyirik.
Bu gün dünyada universitetlər arasında qlobal rəabət getdiyi bir dönəmdə, universitetlərin öz brendlərini yaratması və inkişaf etməsi yönümündə gərgin mübarizə apardığı bir mərhələ hansısa universitet özünə hörmət hissini itirə bilərmi? İnanmıram ki, hansısa universitet bu səviyyədə strateji səhv edə.
İmtahansız tələbə qəbulu aparan universitet özünə arxayındır ki, hətta ən zəif tələbəni də ayağa qaldıra biləcək, ona keyfiyyətli təhsil verəcək. Bu problem artıq 1-ci kursda həll edilir, prosesə ya tamam, ya davam. Yəni 1-ci kursda tələbinin sonrakı taleyi onun təlim nəticələrindən asılı olaraq həll edilir.
Yoxsa, zəif tələbələri, təhsil haqqı almaq xatirinə 4 il “oxut”, sonuncu kursa 15 kəsrlə gətirib çatdır, sonda da de ki, sənə diplom düşmür. Tələbənin 4 ilini və 10-20 min manat pulunu da təhsil haqqı kimi israf et. Bəs belə universitet özünə və tələbəsinə hörmət edirmi? Belə universitetlər və diplomsuz qalan tələbələr bizdə nə qədər olar? ETN özü yaxşı bilir bu statistikanı, çünki, dtalarla işin ustasıdırlar. Təəssüf ki, datalarla da işləyib, ingiliscə danışıb, təhsildə heç bir müsbət nəticə ala bilmirlər, bundansa, kalkulyator və bloknotla işləyib, ana dilində danışıb müsbət nəticələr alardılar, 40 il əvvəl olduğu kimi.
İmtahansız tələbə qəbulu aparan universitet özünə arxayındır, bu arxayınlıq onun əvvəlki illərinin müsbət təcrübəsinə və ənənələrinə əsaslanır. Belə təcrübə və arxayınçılıq həm də universitetin özünə hörmətini göstərir.
Bizdə 200-250 balla tələbə qəbulu aparan universitet elə imtahansız tələbə qəbulu aparmış kimidir. 51%-dən az balla attestat və ya tələbə bileti almaq, keyfiyyətsiz təhsilin əsas səbəbidir.
Çünki, 3 aydan sonra bu tələbə 5-6 fənndən imtahan verin, 51% ball yığmalıdır. Attestat alan məzun artıq 51% + ball yığmış hesab edilir, o ali məktəb proqramını mənimsəməyə şanslıdır (təbii ki, öz üzərində işləsə və onu öyrədən olsa).
Biz əvvəllər də dəfələrlə qeyd etmişik ki, indiki dönəmdə bizim təhsilin bataqlıqdan çıxması və repetitorluq bəlasından yeganə xilas yolu, attestala universitetlərə qəbulun aparılmasıdır. Bu halda uşaqlar məktəbə qayıdar, ailələr 15-20 min manatı əlavə israf etməz, həm də ildə 10 min tələbə təhsil haqqı ödəyə bilmədiyi üçün təhsilini yarımçıq saxlamaz (repetitorlara səpələnən pulun az hissəsi buna kifayət edərdi).
Attestata inam olmalıdır, əgər o şagird repetitor yanında yox, həqiqətən məktəbdə təhsil alıbsa. Yalnız bizdə bu hal mümkündür ki, attestatda yüksək qiymət, imtahanda aşağı qiymət olsun. TKTA bu faktlardan danışsa yaxşı olar.
Bir başqa problem də budur ki, attestatda yaxşı qiymətləri olan tələbəni imtahan edib, ortabab ya yüksək balla universitetə qəbul edirlər, “təhsil” verirlər, sonra da onlar kütləvi şəkildə MİQ, DQ və sertifikasiya imtahanından kəsilirlər.
Deməli, əsas olan kimi və necə universitetə qəbul etmək yox, əsas olan tələbəyə nəyi və necə öyrətməkdir.
Əgər universitet illər ərzində elm və təhsilin, müəllimlərinin, tədris-metodik bazanın inkişafana qəpik-quruş, təmir-tikintiyə isə hər il milyonlarla manat israf edirsə və nazirlikdə bu illərlə israfçılığa “göz yumursa”, belə universitetlərdə hansı keyfiyyətdən danışmaq olar? Belə universitetə özünə hörmət edən universitet demək olarmı? Yox! Belə universitetlər nə özünə, nə də cəmiyyətə hörmət etmirlər. ETN və TKTA bu məsələlərdən danışsın. Yoxsa, 25 il distant təhsilə qadağalar qoyub, sonra da “biz distant xaricdə təhsil alanların diplomunu tanımıqır” deyib, dostu-düşməni özünə güldürməsin. Ertəsi gün də süni intellekt əsaslı repetitorluq ideyalarını səsləndirmək də bir başqa təzaddır”.