“Təhsildə baş verən neqativ halların səbəblərini araşdırıb tapmalıyıq. Bu gün onlarla məktəbdə pul yığılması artıq nəticədir. Reallıq bundan ibarətdir ki, təhsil sistemi təhsilə aid olmayan, təhsilə biznes gözü ilə baxan şəxslər tərəfindən idarə olunur. Təhsil sistemi tərbiyə sistemi olmadan mümkün deyil. Əvvəlcə, təhsil sistemində psixoloji işi, sonra tərbiyə mühitini qaldırdılar. Məsələ pul yığmaqda deyil. Bu gün ümumilikdə təhsil sistemi düzgün istiqamətdə idarə olunmur. Kim bu şəraiti yaradıb? Təbii ki, Emin Əmrullayev. Bu şərait yaradılmasa, daha çox təhsil büdcəsini oğurlamaq, dağıtmaq mümkün olmayacaq. Günahkar kimdir? Bütün cəmiyyət bilir ki, əqli, fiziki, mənəvi baxımından hazırkı elm və təhsil naziri təhsil sistemini idarə etmək qabiliyyətində deyil. Reallıq budur. Faktdır. Emin Əmrullayev özü də bunu yaxşı bilir. Hazırda Elm və Təhsil Nazirliyində, eləcə də onun struktur bölmələrində bəzi qruplaşmalar arasında daha çox pul qazanmaq və silmək üçün ciddi mübarizələr gedir. Bir neçə gün bundan öncə bu qruplaşmaların birinin məğlub olmasını və sıradan çıxarılmasını gördük”.
Tribunainfo.az xəbər verir ki, Bu sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.
“Emin Əmrullayevin brifinqlərinə ardıcıl olaraq baxsanız, hər şeyi aydın görərsiniz. Bir brifinqdə müəllimin “şaftalı” sözünü yaza bilmədiyini deyir, digərində “dörd-beş saat dərs deyən müəllimi müəllim” saymıram deyir. Başqa bir deyir ki, biz təhsil müəssisələrinə nəzarət etməli deyilik, tənzimləyici qurumuq. Nazir tənzimləyici qurumun tərifini versin, görək, nədir? “Tənzimləyici” bu deməkdir ki, tabeli bütün qurumlar fəaliyyət göstərməlidir və Nazirlik bunu tənzimləməlidir. Tənzimləyici qurumun nə olduğu barədə anlayışı olmayan biri “tənzimləyiciyik” deyib, yaxasını geri çəkir. Bir yandan da deyir ki, pulu məktəblər yığmır, cəmiyyət verir, cəmiyyət nə vaxta qədər pul versə, pul yığmalar olacaq. Birincisi, bununla pul yığmalara bəraət qazandırır, ikincisi, öz çarəsizliyini etiraf edir. Təhsil sistemi ağır durumdadır. Azərbaycanın keçmiş və indiki dövründə Əmrullayev qədər səriştəsiz nazir olmayıb. Düşünürəm, Əmrullayevin istər Təhsil İnstitununda, istərsə də Nazirlikdə işlədiyi dövrlər Azərbaycan təhsilinin qara dövrü kimi tarixə düşəcək. Hələ ki danışmaqla yaxasını kənara çəkə bilir. Bu da çox uzağa getməyəcək. Reallıq budur ki, bu gün cəmiyyətin bütün təbəqələri, təhsil prosesinin bütün tərəfləri təhsil sistemindən çox narazıdırlar. Bu narazılıqlar süni şəkildə yaradılıb. Narazılıqlar Emin Əmrullayev və onun təlimçi, layihəçi, biznesmen dostlarının “zəhməti”nin bəhrəsidir”, – ekspert deyib.










