Dünəndən yayılan və jurnalistləri aşağılayan məlum video çox savadsızca, nifrət fonunda, qisasçılıqla hazırlanmış bir sujetdir. Belə sujetin bir dövlət televiziyasında yayımlanması dövlətin təhsil siyasətinə, dövlətin ümumi prinsiplərinə ziddir. Bu sujetlə jurnalistikanı yox, təhsili gözdən salmış oluruq.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. Məlum video ilə bağlı fikir bildirən ekspert qeyd edib ki, təhsil ictimai yerdir və hər kəs təhsil prosesini, təhsil müəssisələrini, təhsil alanları müzakirə predmeti edə bilər:
“Çünki hər kəsin yolu təhsil ocaqlarından keçir və hər kəsin evində təhsilalan var. Bir müəllimin başqa bir sahədə çalışan birinə imla yazdırmağa cəhd etməsi utancvericidir. Müəllimin işi şagirdi öyrətməkdir. Bu gün məktəblərdə uşaqlara yazmağı öyrətməli olan müəllimlərdən 742-si öz ixtisası üzrə heç “şaftalı”, “asfalt” kimi sözləri belə düzgün yaza bilmir. Sertifikasiya imtahanından kəsilən kifayət qədər müəllim var. Bu gün cəmiyyətdə savadsızlar varsa, imla yaza bilməyən varsa bunun yeganə günahkarı müəllimdir.
Müəllim dəyərdir və dəyərlər sistemini formalaşdıran bir şəxsdir. Heç bir halda müəllim kiməsə qarşı, başqa peşə sahibinə qarşı belə düşmən mövqeyində olmamalıdır.
Hazırlanmış videoda müəllimin özünün davranışı müəllimlərin etik davranış qaydalarına ziddir, danışıq tərzi yolverilməzdir. Kimlərsə jurnalistlərin gördüyü işdən narazı olub belə video hazırladıb. Ancaq bu etik deyil, yolverilməzdir, müəllim, təhsil müəssisəsi adına ləkədir”.
Nigar İxtiyarqızı