Azərbaycan universitetlərinin Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsində (ICPC) biabırçı nəticələr göstərməsini təhsil eksperti sərt tənqid edib.
Tribunainfo.az xəbər verir ki, nəticələr barədə danışan sabiq deputat, təhsil eksperti Etibar Əliyev bildirib ki, Bakı Ali Neft Məktəbi (BANM) ICPC 2025 yarışması üzrə 70-dən çox ölkənin 139 komandası arasında 127-ci yeri tutub:
“ICPC dünyanın ən nüfuzlu və ən rəqabətli proqramlaşdırma yarışlarından sayılır və texnoloji şirkətlərin xüsusi diqqət mərkəzindədir.
Belə çıxır ki, BANM- da proqramlaşdırma, kodlaşdırma elmi tədris olunmur? Bəs 680 baldan yuxarı nəticə göstərənlər, həmçinin Respublika olimpiadalarının qalibləri haradadır?”
Ekspert nüfuzlu Azərbaycan Diplomatiya Akademiyasının da nəticələri barədə danışıb:
“ADA kimi nəhəng bir universitetdə bu işə rəhbərlik edən Fuad Hacıyevin proqramlaşdırma ilə heç bir əlaqəsi yoxdur. ADA Universiteti bu mötəbər yarışmada 101-ci yerdə qərarlaşıb”.
Ekspert həmçinin Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bu istiqamətdə tam fəaliyyətsizliyini tənqid edərək, onları “bir dəqiqəlik sükutla” yad etdiyini vurğulayıb.
Nigar İxtiyarqızı