“Azərbaycan konsulluğunun yenidən açılması İranın Azərbaycanla ən azı minimum münasibətləri saxlamağa, bununla da Azərbaycanda müəyyən təsirini qoruyub saxlamağa çalışdığına işarədir”. Tribunainfo.az xəbər verir ki, bunu iranlı politoloq Pouya Hüseyni deyib.
O iddia edib ki, İsrail və Türkiyənin Azərbaycana böyük təsiri var. “Bu addımları ilə İran İranın maraqlarını qorumaq, qarşı tərəfin sui-qəsdlərinə və sabitliyi pozan planlarına qarşı dura bilmək üçün onların təsirinə qarşı çəki yaratmağa və təsirini artırmağa çalışır”.
Hüseyni hesab edir ki, İran-Azərbaycan problemləri həll olunmayıb və bu problemlərin həlli perspektivindən çox uzaqdır. “Çünki onlar ciddi problemlərdir və onlardan ən qabarıq olanı İsrailin regionda və Azərbaycanda olmasıdır. İran bu vəziyyətlə barışmayacaq. Əksinə, müqavimət göstərəcək. İran həmişə xəbərdarlıq edir ki, Azərbaycan İsraildən uzaq durmalı, İsraillə əlaqələri kəsilməlidir, əks halda regionun təhlükəsizliyi böyük təhlükələrlə üzləşəcək”.
İranlı politoloq qeyd edir ki, İran regionda digər qüvvələrin qeyri-qanuni və sui-qəsdçi olmasını qəbul etməyəcək. “İranın Azərbaycan və Türkiyə ilə böyük problemi olan digər məsələni, Zəngəzur dəhlizini qeyd etməliyik. Bu məsələyə də İran müqavimət göstərəcək. Çünki Zəngəzur məsələsi onun qırmızı xəttidir”.
Amma Hüseyni deyir ki, İranla Azərbaycan arasında başqa məsələlər də var və bu məsələlər həll olunmayana qədər Azərbaycan-İran münasibətlərini müsbət qiymətləndirmək mümkün deyil. “İstənilən halda İran diplomatik kanallar vasitəsilə Azərbaycana təsirini saxlamağa və regionu Azərbaycanın sabitliyi pozan siyasətindən uzaqlaşdırmağa çalışır”.
Qeyd edək ki, Puya Hüseyninin iddiaları əsassızdır. Əvvəla Azərbaycan İsraillə digər ölkələr kimi, normal münasibətlər qurub və maraqları çərçivəsində əməkdaşlıq edir. Bu, hər bir ölkənin suveren hüququdur. Necə ki, Bakı Tehrana Ermənistanla geniş əlaqə qurmasına etiraz etmir. Digər tərəfdən, Azərbaycanda İsrailin hərbi və ya kəşfiyyat formasında mövcudluğunu təsdiq edən heç bir fakt yoxdur. Əgər belə bir şey olsaydı, İran çoxdan onu ortaya atıb, bulanıq suda balıq tutmağa başlayardı. Elə olmaması səbəbindəndir ki, Tehranın iddiaları qərəzli görünür və bəhan axtarmaq cəhdi kimi qiymətləndirilir.