Tehranın dəhliz “sancısı”: Zəngəzur niyə dərdə çevrilib?

Tehranın dəhliz “sancısı”: Zəngəzur niyə dərdə çevrilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılması məsələsində əldə olunan razılıq İranı “sancıya” salıb. Tribunainfo.az xəbər verir ki, bu hadisədən sonra İran mediası bəlli dairələrin tapşırığı ilə Zəngəzur dəhlizi əleyhinə sistemli yazılar dərc edirlər.

Ötən gün “Eco Iran” saytı bu mövzuda məqalə dərc edərək, “İran üçün Zəngəzur  dəhlizi, yalnız tranzit yolu deyil, ölkənin xarici ticarət xəritəsini dəyişə biləcək strateji layihədir” yazıb.

Nəşr qeyd edir ki, əgər Zəngəzur dəhlizi İranın fəal iştirakı ilə formalaşarsa, o, Cənubi Qafqaz vasitəsilə Avropaya çıxış imkanı yaradacaq və Şərqlə Qərb arasında körpü rolunu oynayacaq. “Əks halda, İranın bu layihədən kənarda qalması, ölkənin regional ticarətdə payının azalmasına və strateji fürsətlərin itirilməsinə səbəb ola bilər”.

Sayt vuröulayıb ki, Zəngəzur dəhlizi İranın xarici siyasəti və iqtisadiyyatı üçün yalnız coğrafi layihə deyil, həm də böyük bir sınaqdır. “İranın Qafqaz və Avrasiya ilə ticarətinin gələcəyi bu dəhlizdə iştirakından asılıdır”.

Tinn.ir saytı isə dərc etdiyi məqaləsində İranın Qafqazda strateji mövqelərini itirdiyini qeyd edib. “ABŞ isə Azərbaycan və Ermənistanla əldə olunan razılaşmalar vasitəsilə Qafqazın mərkəzində öz mövqeyini möhkəmləndirib”.

İran nəşri onu da vurğulayıb ki, Vaşinqtonun Bakı və İrəvanla əlaqələrini genişləndirməsi nəticəsində Rusiya ilə İran arasında mümkün Şimal–Cənub dəhlizinin reallaşması faktiki olaraq iflasa uğrayıb. “Qonşu ölkələr ABŞ və Avropa ilə milyard dollarlıq müqavilələr bağladığı halda, İran hələ də regionda ciddi təsir imkanlarını itirməkdədir və xarici siyasətini şüarlarla məhdudlaşdırır”.

Bir başqa İran saytı isə yazır ki, Orta Dəhliz və onun mühüm hissəsi olanZəngəzur dəhlizinin genişlənməsi İranın geoiqtisadi əhəmiyyətini zəiflədir. “Eghtesad-e moaser” bildirir ki, bu səbəbdən Tehran alternativ marşrutları gücləndirməklə itkilərin qarşısını almağa çalışır. “Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan və Türkiyənin dəstəyi ilə genişlənən Orta Dəhliz Çini Mərkəzi Asiya və Qafqaz üzərindən Avropa ilə birləşdirir. Bu marşrutun əsas məqsədlərindən biri də İranın ticarət yollarındakı rolunu azaltmaqdır. Tehran dəfələrlə Zəngəzur dəhlizinə qarşı çıxaraq, bunu milli təhlükəsizliyinə təhdid adlandırıb. Buna cavab olaraq, İran yeni ticarət dəhlizlərini inkişaf etdirmək istiqamətində addımlar atır. Bu çərçivədə Çin tərəfindən dəstəklənən Tacikistan–Özbəkistan–Türkmənistan–İran–Türkiyə dəhlizi, eləcə də Çin–Qazaxıstan–Türkmənistan–İran dəmir yolu marşrutu xüsusi əhəmiyyət kəsb edir”.

Fərda Uğur