Tehranda Bakıya qarşı qərəz, böhtan və şər atma “konfransı”

Tehranda Bakıya qarşı qərəz, böhtan və şər atma “konfransı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl xəbər vermişdik ki, İranda Zəngəzur dəhlizi ilə bağlı geniş bir tədbir düzənlənəcək.

Tribunainfo.az xəbər verir ki, SEPAH-dan maliyyələşən “MEHR” Agentliyinin və Ermənistanın “Orbeli” təşkilatının təşkilatçılığı ilə təşkil edilmiş tədbir dünən Tehranda reallaşıb.

Öncədən bildirək ki, tədbirə əsasən İrandakı anti-Azərbaycan qrupunun üzvləri dəvət olunublar. Elə çıxışlardakı qərəz, kin və böhtanlar da bunu açıq şəkildə təsdiqləyir.

Çıxışçılardan biri, özünü ekspert kimi təqdim edən Məhəmməd Rza Muradi Qarabağı “mübahisəli ərazi” kimi təqdim edib. O, ermənilərin müdafiəsi məqsədi ilə kifayət qərəzli fikirlər səsləndirib.

Muradi deyib ki, 2020-ci il müharibəsindən sonra Qarabağ “Azərbaycanın nəzarətinə keçib”. “Həmin vaxt Bakı orada yaşayan ermənilərin təhlükəsizliyinə təminat verdi. Lakin bir neçə il sonra Qarabağı mühasirəyə alaraq, ermənilərin oradan mühacirət etməsinə şərait yaratdı”.

İranlı “ekspert” onu da iddia edib ki, guya, 10 noyabr razılaşmasını Azərbaycan pozub.

Son zamanlar Azərbaycan əleyhinə əsas təbliğatçılardan biri  olan Tehran Universitetinin “müəllimi” Dariuş Səfərnejad da tədbirdə çıxış edib. O iddia eddib ki, Zəngəzur dəhlizi Amerikanın 34 illik planıdır. “ABŞ bunu 34 ildir “Göbel planı” adı altında hazırlayır və Zəngəzur 34 il əvvəlki planın indiki adı və yeni variantıdır”.

Anti-Azərbaycan qrupunun əsas üzvlərindən olan sözügedən şəxs onu da deyib ki, İran və Rusiya əvvəldən bu plana müqavimət göstərdilər. “Bu səbəbdən bu günə kimi həyata keçirilməmişdi. NATO Zəngzur dəhlizinin əsas dəstəyidir , onun ardınca Amerika, Avropa, İsrail, Türkiyə və təkfirçilər gəlir”.

Səfərnejad Zəngəzur dəhlizinin eninin nə qədər olmasını “əsas arqument” kimi göstərib. Onun sözlərinə görə, əgər yolun eni 6 km olarsa, bu iqtisadi deyil, siyasi layihə olacaq. “Yolun eninin nə qədər olması vacib şərtdir. Əgər en 6 km-dən çox olarsa, bu, planların iqtisadi proses və mübadilədən daha çox, strateji layihə olduğunu göstərir”.

Tədbirdə iştirak edənlərdən biri də, Anti-Azərbaycan qrupunun digər nümayəndəsi, ermənilərin aktiv tərəfdarı, hətta Azərbaycana qarşı silah götürüb döyüşməyə hazır olduğunu bəyan edən Ehsan Mövəhdian olub: “Bu gün Qafqaz regionunun əhəmiyyəti o həddə çatıb ki, Amerika diqqətini ərəb ölkələrindən Azərbaycana yönəldib. Azərbaycan Zəngəzur dəhlizini iqtisadi səmərə verən dəhliz kimi təqdim etməyə çalışır. Halbuki bu dəhliz İranın təhlükəsizliyini və ərazi bütövlüyünü hədəfləyir. Əgər marşrut axtarırsınızsa, illərdir Gürcüstandan gedib-gəlirsiniz. İran sərhədini tamamilə qayalı ərazidə keçməkdə israr nədir?”

Dördüncü düşmən mövqeli iranlı ekspert isə Müasir Dünya Tədqiqatları İnstitutunun rəhbəri, ekspert Şüayib Bəhmənidir. O deyib: “Zəngəzur dəhlizinin bir hissəsi olduğu İran ətrafında böyük layihələr formalaşır. İndi də Əfqanıstanla Qərbi birləşdirəcək Lazur dəhlizini işə salmağa çalışırlar. Bu, ən ucuz və sürətli marşrutdur, lakin onlar İranı bu tranzit marşrutlarından da kənarlaşdırmaq istəyirlər. Zəngəzur dəhlizi mahiyyətcə eyni xüsusiyyətə malikdir. İranın tranzit yollarından çıxarılması”.

P.S. Görünən odur ki, İran Zəngəzur dəhlizi məsələsindən bərk təsirlənib və onun təsirləri bu qədər böhtan və şərə səbəb olub. Ermənilərlə birlikdə belə bir tədbir keçirmək isə birmənalı olara Azərbaycana olan düşmənçiliyin təzahürüdür.

Fərda Uğur