İran son zamanlar bölgədə reallaşan dəhliz layihələrindən kənarda qala biləcəyi qorxusunu yaşamağa başlayıb.
Tribunainfo.az xəbər verir ki, rəsmi Tehran üzdə bu məsələdə özünü tox tutsa da, arxa planda məsələnin ciddiyyətinin fərqini gizlədə bilmir.
Elə bu səbəbdəndir ki, İran mediasında mütəmadi olaraq dəhlizlərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri bunu “dəhliz müharibələri”nə hazır olmaq kimi təqdim edir. Bəziləri isə Türkiyə və Azərbaycanla birlikdə yeni imkanlar əldə edilməsinin mümkünlüyünü qeyd edirlər.
Tranzit məsələlər üzrə ekspert Məhəmmədmehdi Kərimi Qəhi bildirib ki, Tehran və Bakı arasında inkişaf edən tranzit diplomatiyası, İranın Cənubi Qafqazda rəqibləri qarşısında mövqeyini qorumasına və regional tranzitdə strateji rolunu möhkəmləndirməsinə imkan yaradır.
Onun sözlərinə görə, Şimal-Cənub dəhlizinin canlandırılması üçün İran və Azərbaycanın əməkdaşlığı vacibdir. “Geosiyasi hadisələr ticarət yollarını dəyişsə də, Tehran və Bakı beynəlxalq müqavilələr və limanlarla əlaqəli birgə addımlar ataraq, Asiya və Avropa arasında tranziti asanlaşdıran marşrutlar hazırlayıblar”.
Kərimi vurğuylayıb ki, Azərbaycan coğrafi mövqeyi ilə İranın dəmir yolu infrastrukturunda əsas tərəfdaşdır. “Son aylarda liman-dəmir yolu əməkdaşlığını inkişaf etdirmək üçün komitələr yaradılıb. Zəngəzur dəhlizi və digər regional aktorların mövcudluğu bəzi çağırışlar yaratsa da, aktiv tranzit diplomatiyası İranın bu sahədə üstün mövqeyini qoruyur”.
SEPAH-ın keçmiş komandanı, hazırda İranın dini lideri Əli Xameneinin müşaviri Yəhya Rəhim Səfəvi isə dünyada dəhliz müharibələrinin başladığını iddia edib. O bildirib ki, dəhliz müharibəsi İranın yeni strateji təsir meydanına çevrilib. “Bu arenada strateji coğrafiyaya və güclü ictimai təhlükəsizliyə malik ölkələr əsas oyunçular olacaq. Bu gün Azərbaycanla, Türkiyə ilə sıx əlaqələrimiz var ki, bu yollarla Avropaya çıxışımız çox asanlaşıb. Bu imkanlardan geniş istifadə etməliyik”.
Fərda Uğur










