Təhlükəyə çevrilən KÜÇƏ İTLƏRİ — Onları qısırlaşdıraq, yoxsa sığınacaqlara yerləşdirək?backend

Təhlükəyə çevrilən KÜÇƏ İTLƏRİ — Onları qısırlaşdıraq, yoxsa sığınacaqlara yerləşdirək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün canlılar kimi təbiətdə payı olan itlər insanların kabusuna çevrilib. Belə ki, tez-tez mətbuatda küçə itlərinin uşaqlara, böyüklərə hücum etməsi, onları dişləməsi ilə bağlı xəbərlərə rast gəlirik. Mart ayının 3-də “Qobu Park – 3” yaşayış kompleksinin yaxınlığında itlərin dişlədiyi 9 yaşlı uşaqla bağlı məlumat da bu qəbildəndir.

Ötən gün isə Xırdalanda it 35 yaşlı qadını ayağından dişləyib və qadın xəstəxanaya çatdırılıb. Sakinlər küçədə, məktəb ətrafında sürü ilə dolaşan itlərin törədə biləcəkləri xoşagəlməz hadisələrdən narahatdırlar. Çünki küçə itlərinin tox olması, peyvəndlənməsi, axtalanmasına heç kim cavabdehlik daşımır. Ona görə də küçədə bizə hücum edən ac itlərin quduz olmadığının da zəmanəti yoxdur.

Sahibsiz itlərlə konkret hansı qurumun məşğul olduğu da bəlli deyil. Əvvəllər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamenti daxilində mövcud olan Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi də ləğv edilib. Yəni hazırda sahibsiz heyvanların haqlarını müdafiə öhdəliyini hansı qurumun daşıdığı bəlli deyil. Lakin heyvanların qısırlaşdırılması, tibbi müayinəsinin aparılması və heyvan sığınacaqlarının təşkili yeli icra hakimiyyətləri və bələdiyyələrin sərəncamındadır.

Bəs küçə itləri üçün ölkədə sığınacaq sayı yetərlidirmi? Sığınacaq sayı kifayət olmadığı halda həmin itləri axtalamaqla küçədə yaşamasını təmin etmək olmazmı?

Belə məlum olur ki, hər rayonda hələ də sahibsiz heyvanlar üçün sığınacaqlar mövcud deyil. Yəni küçə itlərinin çoxluğu həm də qurumların, insanların biganəliyinin nəticəsidir.

Bakıda itlər üçün fəaliyyət göstərən sığınacaqlar barədə Bizim.Media-ya danışan “Onları sən qoru” layihəsinin rəhbəri Eldar Rüstəmov deyib ki, bu, bələdiyyələrin işidir:

“Onların peyvənd olunması, yerləşdirilməsi üçün “Toplan” və “IDEA” heyvanlara qayğı mərkəzləri fəaliyyət göstərir. “IDEA” qayğı mərkəzində xəstə heyvanları sağaldır, qısırlaşdırırlar və s. qayğısına qalırlar. “Toplan” isə sığınacaqdır. Ümumiyyətlə, tək “Toplan” buna kifayət etmir. Bunun üçün hər bir bələdiyyənin tərkibində sığınacaq olmalıdır. Müvafiq Nazirliyin planı olmalıdır. Başqa ölkələr bunun öhdəsindən necə gəlir, biz də onlardan nümunə götürməliyik. Həmin ölkələrdə xeyli sayda it öldürülsə də, sonradan bunun qarşısı alındı və hazırda küçələrdə sahibsiz heyvan görmək mümkün deyil. Çünki hər bir heyvan qısırlaşdırılır, sığınacağa yerləşdirilir”.

Eldar Rüstəmov hesab edir ki, heyvanları küçəyə atmaqla bağlı cəzaların sərtləşdirilməsi də məsələnin həllində yardımçı ola bilər:

“Digər ölkələrdə şəxs sığınacağa gedib, heyvana rəsmi şəkildə sahiblənir. Artıq insan həmin iti küçəyə atanda buna görə cərimələnir. Bizdə isə heyvanı zorlayanı 500 manat məbləğində cərimələyib, buraxırlar. Əslində, bu, belə olmamalıdır, yəni bununla bağlı tədbirlər nə qədər artırılsa, o qədər sahibsiz heyvanların sayı az olar. Bu tədbirləri həyata keçirmək çətin deyil, amma uzun prosesdir. Bu, 3-5 ay ərzində yox, 3-5 il ərzində addım-addım həll olunası məsələdir. İmkansız bir şey deyil”.

O, heyvanların insanlara hücumunun arxasında körpəlikdən heyvana sevgi aşılanmamasının da rol oynadığını qeyd edib:

“İtin dişləməsinə qaldıqda bu da haradasa normal bir şeydir. Belə baxanda insan da insanı öldürür. Yəni ola bilər ki, itə qarşı hər hansı aqressiya olsun. Onda insan kimi düşüncə formalaşmayıb. Onlar qaç, don, savaş prinsipi ilə hərəkət edirlər. İt üçündən birini seçir, ola bilər ki, qorxub qaçsın, donsun və ya ona qarşı aqressiya göstərənlə savaşsın.

Bizdə nə məktəbdə, nə də ailədə heyvana sevgi öyrədilir. Çox az valideyn övladına heyvana qarşı sevgi öyrədir. Uşaq vaxtı küçədə itə, pişiyə yaxınlaşanda valideyn bunu qadağan edirsə, onların pis olduğunu deyirsə, bu, uşağın şüuraltına yazılır. Bunlardan sonra heyvana qarşı normal sevgi gözləmək absurddur”.