TƏHLÜKƏ: Bakıya “quyu qazan” quyular – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göl yerində ev tikənlər
 “İndiyə kimi müraciət etmədiyimiz qurum qalmayıb. Heç kim şikayətimizi dinləmir. Kanalizasiya xəttimiz olmadığına görə, mülkiyyətimizdə olan torpaqları istifadə də edə bilmirik. Kanalizasiya xəttinin çəkiləcəyinə də söz vermirlər. Yağış yağanda burada vəziyyət həddindən artıq pis olur. Digah qəsəbəsi, Bakıxanov küçəsi hamısı qanuni fərdi yaşayış evləri tikilməsi üçün verilmiş torpaqlardır. Sənədləri də var, kupçası da, ünvanı da. Yağış yağanda həyətdə rezin “sapoq”la gəzirik”.

21-ci əsrdə bu şəraitdə yaşayan İlham Ələsgərovdur. Digah qəsəbəsi, Bakıxanov küçəsi, 12-ci döngə, ev 20-də yaşayır. Deyir, dəfələrə şikayət edib, gəlib baxıblar, söz verib gediblər. 2013-cü ildən bəri onlara kanalizasiya xətti çəkiləcəyinə dair söz verilsə də, 4 ildir bir nəticə yoxdur.

– Hər dəfə şikayətimə cavab gəlir ki, gələn il çəkiləcək. 4 ildi ümid verə-verə bizi yola verirlər. Evimizdən baxanda “Alov qüllələri” görünür. Şəhərə bu qədər yaxın oluruq. Hərənin evində bir quyu var. Həm maliyyə baxımından ziyandır, həm də qrunt sularına. Su sayğacım var. Burada yaşadığımız 5 ildə 568 ton su işlətmişəm. Təsəvvür edirsiniz? Bizim kimi də burada nə qədər ailələr var. Bütün su yerin altına gedir.

Bakının dərdi var…

Son illər sürətlə məskunlaşan Bakının və Bakıətrafı qəsəbələrin ən böyük problemlərindən biri kanalizasiya problemidir.

Xüsusilə də torpaqları sürətə satılan, heç bir planlı tikinti aparılmayan, təbii ki, kanalizasiya sistemi olmayan Bakı kəndlərində vəziyyət daha dözülməzdir. İlk baxışdan bəlkə də pozitiv görünə bilər: ərazi məskunlaşır, evlər tikilir, yeni qəsəbələr, məhəllələr salınır, sıxlıq çoxalır. Amma…

Hər tikilən yeni evin həyətində bir kanalizasiya quyusu qazılır və bütün kanalizasiya suları həmin quyulara axıdılır. Bu quyular dolanda yenisi qazılır. İldən-ilə məskunlaşma daha da çoxalır. Bakı kəndləri və Abşeron ərazisi belə quyularla dolur. Sistemsiz çoxalan “quyu”lar Bakının gələcəyi üçün əməlli-başlı quyu qazır. Nəticədə Bakı və Abşeron ərazisində çirkab ocaqları, sürüşmə sahələri, qrunt suları ildən-ilə çoxalır. Bakının dəniz sahilində yerləşməsini və amfiteatr quruluşunu da nəzərə alsaq, problemin miqyasını təsəvvür etmək elə də çətin deyil…

“Sıx məskunlaşma sürüşmələrə birbaşa təsir edir”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Sadiq Əmiraslanov Lent.az-a bildirir ki, insanların sıx məskunlaşdığı ərazilərdə qrunt sularının səviyyəsinin qalxması müşahidə edilir. O cümlədən, Abşeron yarımadasında, əsasən də yeni yaşayış massivlərində bu cür hallara rast gəlinir:

– Abşeron yarımadasında yeni məskunlaşma yerlərində daim monitorinq işləri aparılır. Payız və yaz mövsümündə hava yağmurlu olduqda Abşeron, Binəqədi, Sabunçu ərazisində ayrı-ayrı sahələrdə vəziyyət gərgin olur. Qrunt sularının qalxması sürüşmələrə təsir edir. Geomorfoloji şəraiti sürüşməyə meylli ərazilərdə çirkab sularının axıdılması sürüşmə prosesini intensivləşdirir. Abşeron rayonunun Masazır qəsəbəsində Qır gölü ətrafında 2011-2012-ci illərdə baş vermiş sürüşməyə birbaşa bu amil təsir etmişdi”.

Bir əsrlik tarix

Bakıda kanalizasiya sisteminin yaradılması ilk dəfə XIX əsrin 90-cı illərində müzakirəyə çıxarılıb. Şəhər Dumasının ingilis mühəndis Uilyam Lindleylə bağladığı müqavilədə layihənin hazırlanması məsələsi də öz əksini tapır. Müqavilənin XIX əsrin sonlarında imzalanmasına baxmayaraq, Lindley yalnız 1911-ci ildə Frankfurt şəhərindəki kontorunda Bakı şəhərinin kanalizasiya sisteminin layihəsini işləməyə başlayır. I Dünya Müharibəsi ilə əlaqədar layihə Almaniyada qalır və onu Bakıya gətirmək mümkün olmur. 1916-1917-ci illərdə Uilyam Lindley yenidən bu layihənin 2-ci variantını işləməyə başlayır, lakin 1918-ci ildə qəfil ölüm ona layihəni başa çatdırmağa imkan vermir.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra kanalizasiya problemi yenidən aktuallaşır. 1923-cü ildə Bakı Sovetinin tərkibində texniki-kanalizasiya bürosu yaradılır və U. Lindleyin əlyazmaları və topladığı materiallar əsasında Bakı şəhərinin Baş Kanalizasiya sistemi layihəsinin işlənməsinə başlanılır. Tanınmış mühəndis Mark İosifoviç Atlasın “Ayrılmış kanalizasiya sistemi” layihəsi əsasında 1924-cü ildə tikinti işlərinə başlanır və 1930-cu ildə Bakı şəhərinin ilk mütəşəkkil kanalizasiya sistemi qurulur.

1972-ci ildə əhalinin 2000-ci ilə qədər perspektiv artımı nəzərə alınaraq, Bakının ikinci kanalizasiya sistemi – “Böyük kanalizasiya” layihəsi işlənilir.

Hazırda Bakıda ayrılmış kanalizasiya sistemi mövcuddur. Təsərrüfat-məişət kanalizasiya xətlərinin ümumi uzunluğu 1500, yağış kanalizasiya xətləri ümumi uzunluğu 156 kilometrdir. Magistral yağış kanalizasiya xətlərinin diametri 400 millimetrdən 1200 millimetrə qədər dəyişir. Ümumilikdə gün ərzində kanalizasiya xətlərindən axıdılan tullantı sularının həcmi 1 mln kubmetrdən çoxdur. Bakı şəhərində mövcud olan 72 kanalizasiya nasos stansiyasının sutkalıq məhsuldarlığı isə 1 mln kubmetrə yaxındır.

Göl yerində ev tikənlər

Problemin böyüklüyünü “Azərsu” ASC-də də etiraf edirlər.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Lent.az-a açıqlamasında deyib ki, paytaxtın ən böyük problemlərindən biri də kanalizasiya quyularıdır: “Bakıətrafı ərazilərin kanalizasiya şəbəkəsi yoxdur. Kanalizasiya quyuları antisanitariya mənbəyi olmaqla yanaşı, qrunt sularının səviyyəsini də qaldırır. Bundan başqa, gölü qurudub yerində ev tikənlər çox böyük fəsadlarla üzləşirlər”.

“Azərsu” rəsmisi qeyd edib ki, son illərdə Bakı çox böyüyüb, şəhərətrafı qəsəbələr salınıb, bir mərtəbəli evlər sökülüb, yerində hündür mərtəbəli binalar tikilib, bu da paytaxtın kanalizasiya şəbəkəsinin yüklənməsinə səbəb olur:

“3 evin yerində 18 mərtəbəli binalar tikilib. Heç biri də ayrıca xətt çəkməyib, mövcud kanalizasiya sisteminə qoşulub. Əvvəl 3 ailənin məişət tullantıları kanalizasiyaya sisteminə axıdılırdısa, indi 100-ə yaxını axıdılır. Bakının “Böyük kanalizasiya planı”ndan sonra 2012-ci ilə qədər 24 il ərzində əlavə kollektor tikilməyib. Düzdür, xırda bərpa işləri aparılıb. Üstəlik də, əvvəl boş torpaqlar vardı, suyu udurdu. İndi bütün boş torpaqlarda evlər tikilib, yollar salınıb. Bütün bunların suyu da bizim şəbəkəyə axır. Bakının kanalizasiya xətlərinin əksəriyyəti yağış sularına hesablanmayıb. Hamısı məişət təsərrüfat kanalizasiyalarıdır. Yağış sularının axıdılması üçün cəmi 10-11 faiz infrastruktur var. Yəni, Bakı küçələrində yağış sularının axıdılması üçün xətlər yoxdur. Son illər Bakıda tikililərin artması, bir mərtəbəli evlərin yerinə hündür binaların tikilməsi, boş sahələrdə həyət evlərinin tikilməsi, asfaltların genişlənməsi bizim kanalizasiya sisteminin yüklənməsinə təsir edir.

Bakı kəndləri üçün 7 min km-lik “Master plan”

Qurum rəsmisi deyir ki, 2011-ci ildən başlayaraq Bakı və ətraf qəsəbələrdə vaxtaşırı monitorinqlər keçirilir. Monitorinqlər bu gün də davam edir. Vəziyyətin kritik olduğu ərazilərdə təxirəsalınmaz işlər görülür: “DSMF-nın, “İnşaatçılar” metrostansiyasının qarşısı, Həsən Əliyev küçəsi, Babək prospektində maşın bazarının qarşısı həmişə gölməçə olardı. 61 ünvanda ilkin təxirəsalınmaz işlər gördük və problemi qismən həll etdik, küçələrdə yağış sularının yığılmasının qarşısını aldıq. “Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Plan”ı hazırlanıb. Bakı şəhəri və ətraf qəsəbələrdə 7 min km.-dən çox kanalizasiya xəttinin tikintisi də “Master plan”da nəzərdə tutulub. Prezident İlham Əliyevin sərəncamlarına uyun olaraq, “Azərsu”nun Bakının bütün qəsəbələri üzrə layihələri var”.

Anar Cəbrayıllı deyir ki, son illərdə “Azəravtoyol” və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenidən qurulan küçələrin hamısına yağış suları xətti qoyulub. Bu, yaxşı haldır. Lakin…

– Yolu süpürənlər bütün zibili bizim xətlərə tökür. Elə xəttimiz vardı ki, yarısı tutulmuşdu, suburaxma qabiliyyəti 2 dəfə aşağı düşmüşdü. 1970-1980-ci illərdə tikilmiş kollektorlar lil-palçıqla dolmuşdu. Biz bunların monitorinqini apardıq. Xüsusi robotlar gətirtdik. Robotları kanalizasiya quyusuna salıb xətləri yoxlatdıq. Robotun qarşısına nələr çıxmadı? Kubik, təkər, lil və s. Almaniyadan xüsusi maşınlar aldıq. O maşınlar çox yüksək təzyiqlə xətləri yuyub təmizlədi. Kanalizasiya şəbəkəsindən 12 min kub metr tullantı çıxartdıq. Təsəvvür edin, 1500 “KAMAZ” zir-zibil çıxartdıq. Bununla da xətlərin daşıyıcılıq qabiliyyətini 100 faiz artdı. Fikir verin, yağış yağanda daha əvvəlki gölməçələr olmur. 2012-2013-cü ildə akademik Həsən Əliyev küçəsində diametri 1000 mm olan kollektor tikdik. Beləliklə də, şəhərin nisbətən yuxarı hisslərində yağış sularının bir hissəsini “tuta” bildik. Bayraq meydanında Bayıl, Bibiheybət, Lökbatanı əhatə edən 14 km uzunluğunda kanalizasiya kollektoru tikdik. Bakı Buxtasına axıdılan tullantı sularının qarşısını tam kəsdik. 14-15 ünvandan Xəzər dənizinə tullantı suları axıdılırdı. İndi hamısı gedir Hövsana.

“Gur yağış yağanda Xırdalanın içməli suyunu dayandırırıq…”

“Azərsu” rəsmisi kanalizasiya sistemi ilə bağlı ən çox problemlərin Bakının Binəqədi rayonu və Abşeron ərazisində olduğunu deyir. Səbəb isə sıx məskunlaşmadır:

– Tək Xırdalan son illərdə 2 dəfə böyüyüb, amma infrastruktur böyüməyib. Gur yağış yağanda məcbur oluruq Xırdalanın içməli suyunu dayandıraq. Məcburuq, başqa çıxış yolumuz yoxdu. 1970-ci ildə çəkilən kanalizasiya sistemi 2000-ci ilə qədər hesablanmışdı, bizim gördüyüm işlər də 2035-ci ilədək hesablanıb.

1980-ci illə bugünkü Bakının kanalizasiya şəbəkəsinə axıtdığı sularında təxminən 80 faiz artım var. Bu gün Bakının kanalizasiya infrastrukturunda problem yoxdur. Problemlər yağış yağanda başlayır. Ötən ilin oktyabr ayında Bakıya 1 gündə bir aylıq normadan 4 dəfə artıq yağış düşmüşdü. Əgər infrastruktur işləməsə, yağış suları 1 ay yerdə qalardı. Amma görürsünüz, yağış yağır, yarım saat sonra Bakıda yerdə su qalmır.

2017-ci ildə Nazirlər Kabineti Bakı şəhərində yağış sularından yığılma təhlükəsi olan avtomobil yolları və səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, Bakı şəhərinin kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə dövlət büdcəsindən “Azərsu”ya 14.7 milyon manat vəsait ayrılıb. Sərəncama görə, Bakıda və Abşeron yarımadasının müxtəlif ərazilərində (Ziya Bünyadov prospekti, Dərnəgül yolu, Binəqədi yolu, Taşağıl gölü, Böyük Şor gölü, Yasamalda Dadaş Bünyadzadə və Əhməd Cəlil küçələri, Nərimanovda Əliyar Əliyev, Xətaidə Yusif Səfərov və Kazımağa Kərimov küçələri, Sabunçu vağzalı, Şuşa şəhərciyinin yaxınlığında Ramana Südçülük Sovxozunda) 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub:

Anar Cəbrayıllının sözlərinə görə, sərəncama əsasən, layihələr bu ilin sonuna qədər yekunlaşdırılacaq. İndiyə qədər görülən işlərə 10 milyona manata yaxın vəsait xərclənib.

Ötən ay Azərbaycan prezidenti Bakı şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında bir neçə sərəncam imzalayıb. Başqa heç nə lazım deyil, elə o sərəncamlar icra olunsa, İlham Ələsgərovun da, onunla eyni problemi yaşayan sakinlərin də problemi həll edilər…