Ağır vəziyyətdə olan xəstə üçün çağırılan Təcili Tibbi Yardım briqadası 5 saat sonra çağırışa cavab verib.
Tribunainfo.az xəbər verir ki, bu problemlə şikayətçi Aqşin Məmmədov üzləşib. Problemini ictimailəşdirən şikayətçi qeyd edib ki, ağır vəziyyətdə olan anası Təcili Tibbi Yardım səbəbindən dünyasını dəyişə bilərdi:
“Anam onkoloji xəstədir və dünən axşam təzyiqi düşdü, ürək döyüntüləri eşidilmirdi. 103 xidmətinə saat 19:06-da zəng edərək çağırış etdim. Üstündən 1 saat keçdi, gördüm gələn yoxdur, bir də zəng vurdum və dedilər gəlir. Gördük gələn yoxdur, anamı həkim məsləhəti ilə evdə özünə gətirdik.
Gecə saat 00:29-da mənə zəng edib deyirlər ki, çağırış vermisiz, gələk? Deyirəm, xanım saat neçədir və mən neçədə çağırış vermişəm?. Deyir avtoqəza və doğuş var idi.
Dəfələrlə olub ki, evdə halı pisləşən olub, görmüşəm Təcili Tibbi Yardım gecikir, öz maşına qoyub aparmışam xəstəxanaya. Xəstəxananın həyətində görmüşəm ki, TTY maşınları var və həkimlər də içəridə özləri üçün laqqırdı vurur. Deyirəm, niyə gəlmirsiz? Deyir bizə 103-dən çağırış gəlməyib.
Ya bu operatorlar insan həyatı ilə oynayır, ya da TTY stansiyaları.
Səhiyyə Nazirliyinin tabeliyində olanda TTY briqadası 15 dəqiqədən gec gəlmirdi çağırışa. Bu TƏBİB-ə keçəndən sonra 1 saatdan sonra yadlarına düşəndə gəlirlər”.
Mövzu ilə bağlı TƏBİB-lə əlaqə yaratmağa çalışsaq da, alınmadı.
Gülşən Rəsul