TƏCİLİ: YAP parlamentin buraxılması üçün Milli Məclisə müraciət etdi – Seçkiyə gedilir…

TƏCİLİ: YAP parlamentin buraxılması üçün Milli Məclisə müraciət etdi – Seçkiyə gedilir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

YAP-dan APA-ya verilən xəbərə görə, iclasın gündəliyi barədə məlumat verən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər tarixi qələbələr əldə edilib, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində çoxşaxəli və məqsədyönlü islahatlar uğurla və ardıcıl şəkildə həyata keçirilib.

 

Qeyd edilib ki, bunun nəticəsi olaraq ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. 2020-ci ildə Vətən müharibəsində qazanılmış şanlı Zəfər nəticəsində Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyulubölkəmizin ərazi bütövlüyü bərpa edilib, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin olunub. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri ilə qanunsuz silahlı birləşmələr zərərsizləşdirilmiş, kriminal xunta rejiminin fəaliyyətinə son qoyulmuş, dövlətimizin suverenliyi onun bütün ərazisində bərqərar edilib: “Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri davam etdirilir, doğma yurd-yuvasından didərgin salınaraq illərlə məcburi köçkün həyatı yaşamağa məhkum olunmuş soydaşlarımız ləyaqətli şəkildə əzəli torpaqlarına qayıdırlar. Müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində 2024-cü ildə keçirilmiş Prezident seçkiləri milli birlik və həmrəyliyimizin növbəti təzahürü olmuşdur”.

YAP Sədrinin müavini vurğulayıb ki, ölkəmizin dünyada nüfuzunun daha da yüksəlməsinə və beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının daha da güclənməsinə növbəti dəfə 2023-cü ilin dekabrında şahidlik etdik: “Belə ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərin 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi sahəsində böyük təcrübəyə malik olmasını, həmçinin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edərək iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi nümayiş etdirməsini nəzərə alaraq, COP29-un da ən yüksək səviyyədə keçiriləcəyinə və yeni uğura imza atılacağına əminik. Bu tədbirlər on minlərlə xarici qonağa Azərbaycanı yaxından tanıtmaq, ölkəmizin bütün dünyada ədalətli sülhə, bərabərliyə, haqqa və hüquqa əsaslanan münasibətləri təbliğ və təşviq edən mövqeyini çatdırmaq üçün əlverişli fürsət olacaq”.

Tahir Budaqov əlavə edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda – 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Konstitusiyasının 981 maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir: “Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi fəaliyyət dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.

Sonra YAP Sədrinin müavini Əli Əhmədov, YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Musa Quliyev, Elşad Mirbəşiroğlu, Kamal Cəfərov, Anar İsgəndərov, Tahir Mirkişili və Bahar Muradova parlament seçkilərinin önə çəkilməsinin məqsədəuyğunluğunu əsaslandıraraq məsələyə münasibət bildiriblər.

Yekunda Yeni Azərbaycan Partiyasını Azərbaycan Respublikasının Milli Məclisində təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.