Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır.
Tribunainfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, görüş bu il keçiriləcək.
“Ümid edirik ki, danışıqlar prosesi davam edəcək. Biz həm Azərbaycan, həm də Ermənistan tərəfinin vasitəçi kimi təkcə Rusiyadan deyil, digərlərindən də istifadə etməkdə maraqlı olduğunu başa düşürük”, – Lavrov bildirib. Bəs, bu görüşdən nəsə gözləməyə dəyərmi?
Tribunainfo.az-a danışıqları şərh edən siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, Moskva “mən də varam” nümayiş etdirir. Onun fikrincə, Rusiyada keçirilmiş görüşlərin heç biri ciddi nəticələnməyib. Ekspert hesab edir ki, əvvəlcə XİN başçılarının görüşməsi, ardınca liderlərin görüş planı eynilə Qərb platformasına cavabdır: “Vaşinqtonda xarici işlər nazirləri, ardınca Brüsseldə liderlər görüşdü deyə indi Rusiya adekvat cavab verməyə çalışır. Amma Putinin moderatorluğu ilə olan danışıqlar nə sülh danışıqlarına, nə Qarabağdakı digər məsələlərin həllinə töhfə verib. Rusiya Qərblə yarışır və vasitəçilik uğrunda rəqabət gedir. Bizə ikitərəfli görüşlər sərf edir, nəinki üçüncü qüvvənin iştirakı. Putinin iştirakı ilə növbəti danışıqlardan böyük ölçüdə dəyişiklik gözləmirəm. Onsuz da Brüsseldə hər şey açıqlanıb. Rusiya bölgədə onun rolu olmadan sülh sənədi imzalanmasına qarşı çıxır. Ona görə həmin görüşdə uzaqbaşı Laçın yolu müzakirə edilə bilər. Amma unutmayaq ki, oktyabrda da İspaniyanın Qranada şəhərində görüş planlaşdırılıb”.