“Dağıstanda antisemitizm əhval-ruhiyyəsi təhlükəli prosesdir. Rusiyanın güc orqanları hadisələri kontrolda saxlayır. Əgər bir yəhudinin burnu qanasa, böyük çaxnaşma qopa bilər. Ümumiyyətlə, Şimali Qafqaz həmişə həssas ocaqdır və orada hər hansı alovun qalxması ciddi təhlükələrə yol aça bilər”. Bu fikri Tribunainfo.az-a siyasi ekspert Ramiyə Məmmədova söyləyib. Onun fikrincə, Dağıstanın qarışması Çeçenistana da sıçraya bilər. Ekspert hesab edir ki, Qəzzada baş verənlər müsəlmanların İsrailə qəzəbini gücləndirir: “Rusiyanın kifayət qədər problemləri var, istəməz ki, bir də bu hadisələr daxilində qarşıdurmalar yaratsın. Hər halda şimal sərhədimizdə yaşanan proseslər ciddi narahatlıq doğurur”.
Qeyd edək ki, Mahaçqala hava limanının ərazisində iğtişaşlarda iştirak edən bütün şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunacaqlar. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Hava limanında və ətraf ərazilərdə videomüşahidə sistemi olduğundan iğtişaşlarda iştirak edən hər kəsin şəxsiyyəti müəyyənləşdiriləcək”, – məlumatda deyilir.
Kütləvi iğtişaşların təşkili ilə bağlı cinayət işi Mahaçqala hava limanının ərazisində icazəsiz aksiyaların keçirilməsinə dair çağırışlardan sonra başlanıb.
Mahaçqala aerportunda yaranmış vəziyyətlə əlaqədar olaraq Dağıstan rəhbəri Sergey Məlikovun rəhbərliyi ilə operativ qərargah yaradılıb.
Yaxın zamanda fövqəladə iclas keçiriləcək.
İsrail Dağıstanda baş verən hadisələri izləyir və Mahaçqala hava limanında iğtişaşlar barədə xəbərlər fonunda Rusiya hakimiyyətindən yəhudilərin və israillilərin təhlükəsizliyini təmin etməyi gözləyir. İsrail Baş nazirinin ofisi və Xarici İşlər Nazirliyinin birgə bəyanatında belə deyilir.
Mahaçqala Hava Limanı noyabrın 6-dək uçuşlara bağlı olacaq. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) qərar verib.
Mahaçqala Hava Limanı noyabrın 6-dək uçuşlara bağlı olacaq.
Mahaçqala hava limanında iğtişaşlar törədən 510 nəfərin şəxsiyyəti müəyyənləşib.
Respublikanın Daxili İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin bazaları əsasında uyğunlaşdırma aparılır. Bildirilib ki, onların arasında səfərbərliyə cəlb olunan, axtarışda olan şəxslər var. Müvafiq qurumlar 17 provokatorun da kimliyini müəyyən edib.