TƏBİB-in tərkibində fəaliyyət göstərən İnnovasiya və Təhcizat Mərkəzi ötən həftə daha bir iri tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, dəyəri 2.509.479,8 manat olan satınalma müqaviləsi “ZEYTUN PHARMACEUTİCALS” MMC ilə bağlanılıb.
Həmin tenderə əsasən Mərkəz ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramının icrası məqsədilə dərman vasitələri alacaq.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals”lə TƏBİB arasında belə tenderlərin sayı heç də az olmayıb. İndiyə qədər sözügedən MMC bu qurumla çoxlu sayda satınalma müqaviləsi imzalayıb.
Bildirək ki, “Zeytun Pharmaceuticals” MMC-nin sahibi Bəhruz Əvəz oğlu Şirəliyevdir. Nizamnamə kapitalı isə 2000 manat olan şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Nizami rayonu, Oqtay Əliyev, ev 21C-də yerləşir. Açıq mənbələrdə gedən xəbərlərdən belə aydın olur ki, Bəhruz Şirəliyev “Nurgün Holding”in rəhbəri Nuru Əliyevə yaxındır.
Onu da qeyd edək ki, Bəhruz Şirəliyev vaxtilə “Rəvan” futbol klubunun vitse-prezidenti vəzifəsində çalışıb. Bu klubun adı isə “futbol qumarı”nda bir xeyli hallanıb.
Bundan başqa, “Zeytun Pharmaceuticals” MMC “Farum Qafur” MMC ilə eyni hüquqi ünvanda qeydiyyatdadır. Bu şirkətin qanuni təmsilçisi isə Tağıyev Zamir Elşad oğlu olub. Digər məlumatlara görə, Zamir Tağıyevin qanuni təmsilçisi olduğu başqa şirkətlər də var. Onlardan biri də “Azmedkom” MMC-dir. Artıq ləğv olunan bu şirkətin təsisçisi isə keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin oğlu Kazım Şirəliyev olub.
İnternet resurslarında gedən xəbərələrdə o da vurğulanır ki, “Zeytun Pharmaceuticals” MMC-nin Səhiyyə Nazirliyinə, daha doğrusu, qurumun keçmiş rəhbərliyinə yaxın şirkətdir.
Qeyd edilir ki, “Zeytun Pharmaceuticals” MMC-nin keçmiş hüquqi ünvanı Səbail rayonu, Niyazi küçəsi ev 5, mənzil 15-də yerləşib. Bu ünvan Səhiyyə Nazirliyinin “Dərmanların Analtik Ekspertizasi Mərkəzi” MMC-nin keçmiş direktoru Əbülfəz Abdullazadənin qeydiyyatda olduğu mənzildir. Müəssisə yaradılanda Əbülfəz Abdullazadə “Dərmanların Analtik Ekspertizasi Mərkəzi”nin direktoru vəzifəsində işləyib. Dərman preparatlarının lisenziyası ilə məşğul olan bir qurumun rəhbərinin ünvanında dərman şirkəti qeydiyyatdan keçib.